Türk Dövlətləri Təşkilatı (TDT) nəzdində türk dünyası odasının yaradılmasına ehtiyac var. SİA xəbər verir ki, bunu Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Akif Aşırlı Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə Türkçülük Günü münasibətilə keçirilən “Dildə, Fikirdə, Əməldə Birlik: Türk Dünyasının Gələcəyi’’ adlı panel iclasında deyib.
O qeyd edib ki, bu qurumun təsisi Suriya, Cənubi Azərbaycan, Dərbənd türklərini də bir yerə toplamaq, onların problemlərini işıqlandırmaq baxımından önəmlidir.
Qazaxıstan Türk Akademiyasının direktor müavini Asxat Kessikbayel isə çıxışı zamanı ilk olaraq çalışdığı müəssisənin fəaliyyətindən söz açaraq Türk Akademiyasının türk dövlətlərinin elmi mərkəzləri arasında birgə araşdırmaları təşviq etdiyini vurğulayıb.
“Türk dilləri eyni dil ailəsinə mənsub olsa da, SSRİ dövründə bəzi türk dövlətləri kril əlifbası istifadə etdikləri üçün yazı birliyi pozulub. Müstəqillikdən sonra isə latın əlifbasına yenidən keçid ortaq türk əlifbası fikrini canlandırıb. Nəhayət, 2024-cü ildə ortaq türk əlifbası qəbul edildi və bu, bizim birliyimiz istiqamətində mühüm irəliləyişdir”,-o əlavə edib.
Asxat Kessikbayel onu da diqqətə çatdırıb ki, türk birliyi sadəcə dil və əlifba ilə qurula bilməz, iqtisadiyyat, ticarət və siyasət sahəsinsə əməkdaşlığın dərinləşdirilməsi də xüsusi əhəmiyyət kəsb edir.
Qırğızıstanın Joqorku Keneş deputatı Dastanbek Cumabekov öz növbəsində, söyləyib ki, türk dünyasının səsini eşitdirmək üçün birgə mexanizmlər hazırlanmalıdır:
“34 ildir, türk dünyasının gələcəyini müzakirə edirik, ancaq hələ ki bir ortaq nöqtəyə çatmamışıq. Türk dünyasında 300 milyon insan yaşayır. Biz qardaşıq, elə isə niyə bizim də səsimiz Avropa İttifaqı ölkələrininki kimi çıxmır? Birgə işlərin görülməsi, ortaq layihələrin icra edilməsi çox vacibdir”.
Şimali Kipr Türk Respublikası Prezidentinin xüsusi mqşaviri Gökhan Güler ilk olaraq Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib:
“Türk dövlətləri arasında müzakirələr həyata keçirilir, ancaq planların icrasında durğunluq müşahidə olunur. Lakin bütün bunlardan fərqli olaraq biz Azərbaycandan Şimali Kiprə dəstək görürük, qısa müddət əvvəl Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində çıxış edərək bizə dəstəyi bir daha nümayiş etdirdi və buna görə çox təşəkkür edirik”.
O, Azərbaycanın Şimali Kiprdə nümayəndəlik açmasından da çox məmnun olacaqlarını qeyd edib:
“Azərbaycan Qarabağı öz gücü ilə işğaldan azad etdi. Türk dünyası həmin dövrdə böyük bir mənəvi birlik nümayiş etdirdi. Biz Şimali Kiprlə bağlı da belə mənəvi birliyi türk dövlətlərindən xahiş edirik”.