İstanbulda Təbii Sərvətlər Zirvəsi (INRES 2025) keçirilir. Sammitdə enerji və resurs təhlükəsizliyi sahəsində inkişaf edən qlobal və regional dinamika, enerji transformasiyası çərçivəsində kritik minerallar və karbohidrogenlər, transformasiya dövründə maliyyələşdirmə modelləri və investisiya strategiyaları müzakirə olunur.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, sammitdə ölkəmizi energetika naziri Pərviz Şahbazov təmsil edir.
Zirvədə çıxış edən Prezident Rəcəb Tayyib Ərdoğan deyib ki, Türkiyə təbii sərvətləri, coğrafi mövqeyi və karbohidrogen ehtiyatlarına yaxınlığı ilə qlobal enerji bərabərliyində strateji yer tutur: “Biz əsas tranzit marşrutu olaraq təchizat təhlükəsizliyinə mühüm töhfələr verən ölkəyik. Türkiyənin enerji təhlükəsizliyi birbaşa və ya dolayısı ilə bütün dünyanı maraqlandıran bir məsələdir. Türkiyəni təbii qaz və neft kəşfiyyatı sahəsində qlobal bir aktora çevirəcəyik. Qabar dağında görülən işlərlə Türkiyə üzrə gündəlik neft hasilatımız 2025-ci ilin martın sonunadək 135 min bareli keçərək rekord həddə çatıb. Bu günə qədər Qabarda 26 milyon barreldən çox neft hasil edilib və ümumi dəyəri 2 milyard dollara yaxınlaşıb”.
Türkiyə Prezidenti Çanaqqaladakı üzən istehsal platformasının gələn il Sakarya yatağında fəaliyyətə başlayacağını bildirərək Sakarya Qaz Sahəsində 2028-ci ildə gündəlik hasilatı 40 milyon kubmetrə çatdırmağı hədəflədiklərini deyib.
“Cümhuriyyət tarixinin ən böyük enerji layihəsi olan Akkuyuda ilk reaktorun tikintisi tezliklə başa çatır. Bu ilin sonunda sınaq istehsalına başlayacağıq və ilk elektrik enerjisini Akkuyudan təmin edəcəyik. Biz Akkuyu Atom Elektrik Stansiyasının 2028-ci ildə tam gücü ilə işləyəcəyini gözləyirik. Təkcə son 3 ildə elektrik və təbii qazda millətimizə 983 milyard lirə dəstək vermişik”, – deyə Ərdoğan bildirib.
“Turkuvaz Media Qrupu”nun ev sahibliyi etdiyi bu strateji zirvə, yeni texnologiyaların tətbiqi və regional enerji əməkdaşlığı mövzularında geniş fikir mübadiləsini nəzərdə tutur. Zirvə çərçivəsində Türkiyənin son illərdə enerji sahəsində həyata keçirdiyi irimiqyaslı layihələrin təqdimatı, yeni beynəlxalq əməkdaşlıqların formalaşdırılması, təbii resurslardan davamlı və səmərəli istifadənin təşviqi, qlobal enerji təhlükəsizliyi ilə bağlı strateji yanaşmaların müzakirəsi, Türkiyənin enerji sektorundakı texnoloji nailiyyətlərinin tanıdılması və qarşıdakı dövr üçün hədəflərin elan olunması gözlənilir.
Tədbir çərçivəsində enerji və təbii sərvətlər naziri Alparslan Bayraktarın moderatorluğu ilə “Enerjinin transformasiyasında mədənçilik” və “Təchizat təhlükəsizliyində imkanlar və problemlər” mövzuları müzakirə olunub.
Sammitə Türkiyənin enerji sahəsində son zamanlar əməkdaşlıq etdiyi 14 ölkədən nazirlər və nazir müavinləri qatılıblar.