“Azərbaycan bu konfliktin dinc yolla həllinə tərəfdardır”


“Hindistan-Pakistan arasında yaranan gərginliyin artmasında birmənalı olaraq Hindistanın maraqlı olmasını qeyd edə bilərik”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elşad Məmmədli deyib.



Elşad Məmmədli sözlərinə belə davam edib: “Pakistan ümumiyyətlə, Kəşmir probleminin sülh yolu ilə həll edilməsində maraqlıdır, ancaq hər zaman biz Hindistanın pozucu mövqedən çıxış etməsinə şahid oluruq. Hindistan faktiki olaraq gərginliyin artması, böyük müharibə başlaması üçün əlindən gələni edir. Biz Hindistanın ədalətsiz yanaşmalara meylli olduğunu həm də İkinci Qarabağ savaşı zamanı gördük. Faktiki olaraq işğalçı Ermənistanı özünə müttəfiq seçən Hindistan bununla öz mahiyyətini bir daha ortaya qoymuş oldu.

Elementar bir fakt: Pakistanın baş naziri BMT baş katibi ilə telefon danışığında birmənalı şəkildə qeyd etdi ki, gərginliyə, silahlı toqquşmaya səbəb olmuş terror aktının müstəqil şəkildə araşdırılmasını istəyirlər. Hindistan isə dinc yolların qəti əleyhinə çıxır və qəsdən gərginləyi artırır. Məlum qanlı olay baş verəndə Pakistan məsələnin araşdırılmasını təklif etdi, Hindistan isə heç yarım saat keçməmiş, hansısa araşdırlma aparılmadan Pakistanı ittiham etməyə başladı. Bu, o deməkdir ki, Hindistan yeni münaqişənin, müharibənin başlaması üçün bəhanə axtarır və həqiqətin üzə çıxmasında maraqlı deyil.

Hindistan insanlıq əleyihnə hərəkətlərini artırmaqla, məsələn, Pakistana doğru axan su mənbələrinin qarşısını kəsməklə də ikiqat gərginlik yaratmağa çalışır.

Sual oluna bilər ki, Hindistanın marağı nədir?

Bilirsiniz ki, 2027-ci ildə seçkidir və hazırda baş nazir Modinin reytinqi sürətlə aşağı düşür. Belə olan təqdirdə hökumət indidən öz reytinqini süni yolla artırmaq üçün anormal bir xətt tutur, müharibə,qanlı hadisələrlə özünə xal toplamağa çalışır. Xatırlayırsınızsa, Hindistan 2019-cu ilin seçkiləri ərəfəsində də eyni taktikadan istifadə etmişdi. Təbii ki, Hindistan bu prosesdə özbaşına deyil. Yeni dünya düzənində gedən proseslərin fonunda bəzi Qərb dairələri də Hindistanı qarşıdurmaya həvəsləndirir. Bunun paralelində Hindistanda müsəlman topluma qarşı da bir basqı başlayıb. İslam daşıyıcılarına aid olan fondları dövlətin nəzarətinə keçirmək adı altında onlara təzyiqlər başlayıb. Bu, ölkədə gərginlik yaradan amildir. Hindistan iqtidarı bu eybəcər fəaliyyətinə don geyindirmək üçün Pakistanla müharibə şəraiti yaradıb, öz anormal, islamafob qərarlarına don geyindirmək cəhdi edir.

Nəzərə almalıyıq ki, Pakistan haqq savaşında Azərbaycanın yanında olub və təbii ki, bizim də onlara bir vəfa borcumuz var. Şübhəsiz ki, Azərbaycan bu konfliktin dinc yolla həllinə tərəfdardır. Ancaq Hindistan buna imkan verməzsə, sözsüz ki, bizim mövqeyimiz Pakistandan yana olacaq”.

Ayşən Vəli

Əlaqəli Xəbərlər