“Cəmiyyətimizdə ailə və münasibətlərin dayanıqlılığı yalnız maddi imkanlarla ölçülməməlidir”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq, Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov deyib.
O bildirib ki, kişinin az qazanc əldə etməsi münasibətin bitməsi üçün əsas ola bilməz: “Əslində münasibətləri möhkəmləndirən amil qarşılıqlı anlayış, dəstək və ortaq məqsədlərə yönəlmiş birlikdir. Maddi sabitlik münasibətlər üçün vacibdir, lakin bu sabitlik yalnız bir nəfərin qazancı ilə deyil, ailə üzvlərinin bir-birinə dayaq durması ilə formalaşır.
Pul qazanmaq əlbəttə önəmlidir, amma ondan necə istifadə olunması daha həlledici məqamlardandır. Gəlir məqsəd deyil, vasitə olmalıdır. Münasibətdə paylaşım, birgə qərarlar və gələcəyə inam ön planda dayanmalıdır.
Maddi çətinliklər ailə birliyinə təsirsiz ötüşmür. Bu zaman psixoloji gərginlik, özünü dəyərsiz hiss etmə, emosional uzaqlaşma kimi hallar yaşana bilər. Amma münasibətin təməlində sevgi, hörmət və empatiya varsa, bu çətinliklər ailəni parçalamaz, əksinə, daha da yaxınlaşdırar.
Əgər münasibətlər yalnız maddiyyat üzərində qurulursa, orada emosional dayanıqlıqdan və uzunömürlü birlikdən danışmaq çətindir. Unutmayaq ki, çətinliklər birlikdə aşılır. Münasibətlərin gücü də elə burada gizlidir.
Onu da qeyd edim ki, Psixologiya Elmi Tədqiqat İnstitutu olaraq boşanmaların səbəbini araşdırmaqla bağlı 524 boşanmış insanla sorğu keçirdik. Təhlil nəticəsində ortaya çıxdı ki, Azərbaycanda ailələr ən çox ünsiyyət problemi səbəbindən boşanırlar”.