“Azərbaycan mətbuatının 150 illiyi ilə bağlı ölkə Prezidenti İlham Əliyev cənablarının imzaladığı sərəncamın xüsusi tarixi əhəmiyyəti var”. Bu sözləri SİA-ya açıqlamasında media eksperti Qulu Məhərrəmli deyib.
Onun sözlərinə görə, bu, birinci növbədə Azərbaycan ictimai şüurunda, Azərbaycan istiqlal məfkurəsində, bizim tariximizdə, cəmiyyət olaraq formalaşmağımızda, özümüzü dərkimizdə, milli şüurun inkişafında Azərbaycan mətbuatının tarixi rolunu birmənalı şəkildə qeyd edir: “İkincisi, bu sərəncamda Azərbaycan mətbuatının əsas inkişaf tendensiyaları göstərilir. Mətbuatın müxtəlif dövrlərdən cəmiyyətdə, xalq arasında oynadığı rolu əks etdirir.
Çox önəmli olan məsələlərdən biri Azərbaycan mətbuat tarixində xüsusi yeri olan mətbu orqanların və tarixi şəxsiyyətlərin Azərbaycan publisistlərinin rolu və əməyi ciddi şəkildə qeyd olunur. Ona görə də, belə bir sərəncamdan irəli gələn vəzifələri yerinə yetirmək üçün hər kəs özündən asılı olan hər şeyi etməlidir. Çünki bu gün həqiqətən, mətbuat bizim həyatımızda, müstəqilliyimizin nemətləri olan bir çox dəyərlərin təbliğində, tariximizin, milli şüurumuzun təbliğində çox önəmli rol oynayır. Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində atılan addımları işıqlandırır. İnsanlara bir çox cəhətdən ictimai şüurun formalaşması yolu ilə təsir edir və yönəldir. Burada önəmli olan jurnalist peşəsinin cəmiyyətdə önəmli rol oynamasını göstərməkdir. Çünki Həsən bəy Zərdabidən üzü bu yana mətbu orqanlara rəhbərlik etmiş Azərbaycan məfkurəsini, Azərbaycançılıq ideologiyasını, müstəqillik düşüncəsini təbliğ edən böyük şəxsiyyətlərimiz, publisistlərimiz olmuşdur. Həsən bəy Zərdabidən üzü bu yana Əhməd bəy Ağaoğlu, Ömər Faiq Nemanzadə, Məhəmməd Əmin Rəsulzadə, Əli bəy Hüseynzadə, Əlimərdan bəy Topçubaşov, Üzeyir Hacıbəyli kimi böyük tarixi simaların yada salınması hesab edirəm ki, çox ciddi addımdır. Ona görə də, bu sərəncam həmin tarixin bir daha əsas istiqamətlərini göstərir. Bu sahədə olan bilik və düşüncələrimizi zənginləşdirir”.