“Piyada zolaqlarından istifadə etməyən, yaxud, yol hərəkəti qaydalarına düzgün əməl etməyən şəxslərə qarşı yol hərəkəti qaydalarının pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 20 manat cəriməsi olunur”. Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib.
Onun sözlərinə görə, bu qayda istər yolu keçən olsun, istər digər şəxslərə də aiddir: “Burada əsas məsələ piyada təhlükəsizliyi, yol hərəkətinin təşkilinin təhlükəsizliyidir. Onun üçün də burada hər hansı qeyri-adi nüans, ayrı-seçkilik yoxdur. Düşünürəm ki, bu məsələnin əsas tərəfidir.
Digər məsələ isə yol hərəkəti haqqında qanunun xüsusi müddəalarında da piyada təhlükəsizliyi, piyadanın hərəkətə mane olub-olmaması, bunlar da açıq formada özünü göstərir. Digər məsələ isə Yol Hərəkəti Haqqında Qanunun xüsusi müddəası var ki, bu müddəada da qeyd olunur: piyadanın, hərəkət iştirakçılarının vəzifələri var. Bu vəzifələrdən ən önəmlisi də budur ki, Yol Hərəkəti Haqqında Qanundan problemsiz, çətin olmayan qaydada riayət edilməlidir və bu, hər kəsin öz borcudur.
Son vaxtlar avtomobillərin toqquşması, piyadavurma, dayanmış maneənin vurulması və ya ona çırpılma kimi hallar baş verir. Həmçinin şəhərin qaranlıq, işıqlandırılmayan yollarında da qəzalar baş verir. Son günlərdə isə yol-nəqliyyat hadisələri ən çox sürət həddinin aşılması nəticəsində baş verir. Ümumiyyətlə, qəzaların qarşısını almaq üçün mütəmadi olaraq nəqliyyat və ya yol infrastrukturu yenilənməlidir. Bakıətrafı kənd və qəsəbələrin daxili yolları işıqlandırılmalıdır. O cümlədən də, mütəmadi olaraq bu yollara nəzarət edilməlidir. Yol, hərəkət varsa, istənilən nəqliyyat vasitəsi və ya piyada səhv edə bilər. Sadəcə, yollarda bir sıra edilən kobud səhvlər ağır nəticələrə səbəb olur”.