Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin I müavini Əliyar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun (IMF) ABŞ-nin paytaxtı Vaşinqtonda keçirilən Yaz Toplantıları çərçivəsində Fondun icraçı direktorunun müavini Bo Li ilə təşkil olunan görüşdə iştirak edib. SİA AMB-yə istinadən xəbər verir ki, görüşdə Mərkəzi Asiya və Qafqaz regionu ölkələrinin üzləşdiyi iqtisadi risklər və çağırışlar, eləcə də makroiqtisadi və maliyyə sabitliyinin qorunması üçün zəruri siyasət və islahatlara dair məsələlər müzakirə olunub.
Ə.Məmmədyarov tədbirdə çıxışı zamanı ölkəmizdə makroiqtisadi və maliyyə sabitliyinin qorunması, iqtisadi artımın davamlılığının təmin olunması istiqamətində həyata keçirilən təşəbbüsləri diqqətə çatdırıb, IMF-in texniki yardım layihələri vasitəsilə regionda həyata keçirilən islahatlara potensial dəstək imkanlarına dair fikirlərini bölüşüb.