Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər


bəyanatı

-Hər şeydən əvvəl əziz qardaşım, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə səmimi qarşılanma, qonaqpərvərlik və göstərdiyi münasibətə, həmçinin onun regionla, Azərbaycanla bağlı və ümumən, ikitərəfli münasibətlərimizdə atılacaq addımlar və mümkün olan bütün sahələrdə əməkdaşlığı genişləndirmək və dərinləşdirmək üçün göstərdiyi əzmkarlığına görə təşəkkürümü bildirmək istərdim.

Bizim münasibətlərimiz yeni başlamış münasibətlər deyil. Biz qədim dövrlərdən üzü bəri həmişə bir yerdə olmuşuq. Tarixin lap qədim dövrlərindən birlikdə, yan-yana olmuşuq. Sərhəd qonşuluq deməkdir, evlərin qonşuluğu kimi. Qonşuların həyəti var, evi var. Lakin onların bir-birinin arasında gediş-gəliş olur. Bir-birinə dayaq durarlar, kömək edərlər, səsinə səs verərlər.

Bizim bu bölgədə mədəniyyət, din, etiqad, siyasət kimi bütün bu sahələrdə həddindən artıq oxşar cəhətlərimiz var. Bununla fəxr edirik. Bunlara ürəkdən bağlıyıq. Çalışacağıq ki, bundan sonra da bu müştərək dəyərlər əsasında münasibətlərimizi davam etdirək. Biz bir çox sahələrdə əldə edilmiş təcrübə ilə bölüşə bilərik. Bu bölgədə bazarlarımızdan birgə istifadə edə bilərik. Bu gün əldə edilmiş razılaşmalara, imzalanmış sənədlərə əsasən, hörmətli Prezident İlham Əliyev müəyyən müddət çərçivəsində gələcək üçün strateji planın hazırlanması haqqında müvafiq nazirlərə, məsul şəxslərə göstəriş vermişdir. Biz də öz tərəfimizdən xarici işlər nazirinə tapşırıq verdik ki, hökumətlə razılaşdırıb, bu addımları davam etdirsin. Çalışacağıq ki, gələcək üçün geniş, əhatəli və daha yaxşı strateji planımız olsun. Bütün sahələrdə – sənaye, elm, mədəniyyət, iqtisadiyyat, siyasət, təhlükəsizlik üzrə planlarımız olsun. Biz birlikdə bölgədə sülh, təhlükəsizlik və əmin-amanlığı təmin edəcəyik və öz çətinliklərimizi həll edəcəyik. Əminəm ki, əgər biz müsəlman ölkələri, regional dövlətlər və qonşular, qədim dövrlərdən bir yerdə olmuş qardaş və bacılar əl-ələ verib bir-birinin ərazi bütövlüyünə hörmətlə yanaşsaq, dünyaya baxışlarımız qarşılıqlı qaydada razılaşdırılmış olacaq.

Beləliklə, bütün sahələrdə əməkdaşlıq edə bilərik. Elə bir bölgə yarada, ölkələr arasında elə bir əlaqə qura bilərik ki, Avropa ölkələri arasında olan əlaqələrdən daha üstün olsun. Bunun üçün yolları birləşdirək, maliyyə, ticarət əlaqələrimizi düzəldək, Şimal-Cənub, Şərq-Qərb dəhlizlərini yaradaq. Bütün bunları qarşılıqlı dəstək sayəsində həyata keçirək. İş adamlarımız birgə istehsal proseslərini həyata keçirsinlər, birgə sərmayələr yatırsınlar, işlər qursunlar. Biz istehsal, elm, mədəniyyət, iqtisadiyyat, siyasət sahələrində birgə hərəkət etməli, digərlərinə bunları pozmağa imkan verməməliyik. Onlar aramızda ixtilaf yaratmaq istəsələr, buna yol verməyəcəyik. Bizim aramızda bizi birləşdirən çoxlu ortaq amillər, hətta ailə, qohumluq əlaqələrimiz var. Bu, elə bir məsələdir ki, heç kəs bunları poza bilməz.

Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın köməyi ilə bütün əldə olunmuş nailiyyətləri artıracağıq, öhdəlik götürdüyümüz sənədləri icra edəcəyik. Bəzi məqamlar var ki, hələ yazılmayıb. Amma gərəkdir ki, onları da yazaq və imzalayaq, onları mütləq həyata keçirək. Biz bunların həyata keçirilməsinə, icrasına qəti şəkildə qərarlıyıq. Mən həmin qətiyyəti, həmçinin qardaşımızda görürəm. Allahın köməyi ilə digər layihələri bölgə üçün, İranın və Azərbaycanın gələcəyi üçün, hətta Yaxın Şərq bölgəsi üçün birlikdə yaradacağıq.

Əziz qardaşıma qonaqpərvərliyə görə bir daha böyük minnətdarlığımı bildirirəm. Ölkəmizdə bəzi hadisələr baş verdiyinə görə burada əlavə müddətə qala bilmirəm. Lakin çox vaxt keçməyəcək ki, dostumla yenidən görüşəcəyik. Çalışacağam ki, Azərbaycanda növbəti dəfə daha çox qalım və burada olanda heç zaman özümüzü yad ölkədəki kimi hiss etmirəm. Elə bil ki, sanki Təbrizdəyəm, Ərdəbildəyəm. Sanki doğulduğumuz, böyüdüyümüz, yaşadığımız İran Azərbaycanındayıq. Çox şadam ki, Sizinlə bir yerdəyəm. İqtisadi, mədəni, elmi, təhlükəsizlik, hərbi və digər sahələrdə əl-ələ verib özümüz, övladlarımız və sonrakı nəsillər üçün möhkəm gələcək quraq. Gələcək nəsillər fəxr etsinlər ki, bu cür sağlam əlaqələr qurmuşuq.

Bir daha Sizə təşəkkür edirəm.

Əlaqəli Xəbərlər