“Xocalı ilə bağlı bütün proseslərin Azərbaycan tarixində xüsusi bir yeri var”


“Xocalı ilə bağlı bütün proseslərin Azərbaycan tarixində xüsusi bir yeri var. Xocalının vaxtı ilə işğal edilməsi və insanlığa tam zidd olan vəhşiliyin həyata keçirilməsi Azərbaycana ağır bir yara vurmuşdur. Lakin illər sonra Xocalının azad olunması Xocalı qurbanlarının xatirəsinə, ruhuna ən böyük hədiyyə olunmaqla bərabər, tariximizin önəmli bir səhifəsidir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, Xocalı sakinlərinin öz yurdlarına qayıtmaqları və yenidən orada məskunlaşmaları Azərbaycan tarixinin əhəmiyyətli səhifəsidir: “Bu bir daha Ermənistana və bütün dünyaya bir mesajdır ki, Xocalıya qarşı nə qədər ağır cinayət törədilmiş olsa da, amma Xocalı əhalisi sınmadı, xocalılar yaşamaq və döyüşüb, mübarizə aparmaq əzmini hələ də saxlayırlar. Onlar Xocalını əvvəlkindən də daha görkəmli və gözəl vəziyyətə qaytarmaq iddiasında və gücündədirlər. Xocalıların məskunlaşdırılması, erməni vandalizmini Azərbaycandan silmək baxımından da önəmlidir. Çünki Xocalıda və ümumiyyətlə keçmiş Dağlıq Qarabağın bəzi yerlərində erməni vandalizminin izləri daha dəhşətli və daha dərindir. Bu nöqteyi-nəzərdən Xocalı xüsusi bir status daşıyır. Xocalıda ermənilərin törətdiyi vandalizm aktının tarixdə bənzəri yoxdur. Bu cəhətdən Xocalının abadlaşdırılması, məskunlaşdırılması həm Xocalı şəhidlərinin xatirəsinə olunan hörmətdir, onları uca tutmaqdır, həm də erməni vandalizminin və onun havadarlarına ciddi bir mesajdır ki, Xocalı faciəsinin, Xocalı vandalizminin izləri heç bir zaman silinməyəcək. Xocalı vandalizminin acı xatirəsi Azərbaycan xalqının yaddaşlarında hər zaman yaşanacaq. Xocalıda bu gün əhalinin məskunlaşdırılması çox önəmli bir hadisədir. Eyni zamanda Azərbaycan dövləti bir daha heç vaxt Xocalı kimi faciələrin və vandalizm aktlarının təkrarlanmasına imkan verməyəcək”.

Əlaqəli Xəbərlər