Rusiyanın aparıcı taxıl ixracatçılarından ibarət missiya Azərbaycana gələcək


Bu ilin may ayında Rusiyanın aparıcı taxıl ixracatçılarından ibarət bir biznes missiyasının Azərbaycana səfər edəcəyi gözlənilir. SİA bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, nazir Məcnun Məmmədov qonşu ölkədən olan həmkarı Oksana Lutla onlayn görüş keçirib. Görüş zamanı iki ölkə arasında kənd təsərrüfatı sahəsində mövcud vəziyyət müzakirə olunub, tərəflər iqtisadiyyatın digər sahələrində olduğu kimi, aqrar sahədə də əməkdaşlığın dinamik inkişaf etdiyini vurğulayıblar.

O.Lut deyib ki, kənd təsərrüfatı iki ölkənin əsas əməkdaşlıq istiqamətlərindən biridir. O, Rusiyanın Azərbaycanla aqrar sahədə əməkdaşlığın genişləndirilməsində, biznes subyektləri və iş adamları arasında işgüzar əlaqələrin inkişafında maraqlı olduğunu bildirib, eyni zamanda, Rusiyanın Azərbaycanın taxıl məhsullarına olan tələbatını tam qarşılamağa hazır olduğunu qeyd edib, balıqçılıq da daxil olmaqla, aqrar sektorun digər sahələrində də əməkdaşlığın inkişaf etdirilməsinin vacib olduğunu vurğulayıb.

M.Məmmədov isə iki ölkə arasında kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsinin artırılmasının əsas hədəflərdən biri olduğunu qeyd edib. Nazir vurğulayıb ki, bu istiqamətdə böyük potensial mövcuddur. O, ötən ilin noyabr ayında Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) 29-cu sessiyasında aktiv iştirakına görə xanım O.Luta təşəkkür edib, Rusiya şirkətlərini gələn ay Bakıda keçiriləcək və Qafqazın ən böyük kənd təsərrüfatı sərgisi olan “Caspian Agro” sərgisində fəal iştiraka çağırıb.

Görüş zamanı kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, aqrar sahədə ən müasir texnologiyaların transferi, rəqəmsallaşma, elmi-tədqiqat və təhsil sahələrində təcrübə proqramlarının həyata keçirilməsi, Rusiyanın kənd təsərrüfatı sahəsində ixtisaslaşmış nüfuzlu ali təhsil müəssisələrindən biri ilə Azərbaycan Dövlət Aqrar Universiteti arasında ikili diplom proqramlarının həyata keçirilməsi, bitki seleksiyası və toxumçuluqda yeni texnologiya və metodların tətbiqi, heyvan xəstəliklərinə qarşı mübarizə sahəsində birgə əməkdaşlıq məsələləri müzakirə edilib.

Tərəflər, həmçinin kənd təsərrüfatı sahəsində yeni əməkdaşlıq imkanlarını nəzərdən keçirib, bu istiqamətdə əlaqələrin genişləndirilməsi məqsədilə mütəmadi dialoqun əhəmiyyətini vurğulayıblar.

Əlaqəli Xəbərlər