Bu ilin iyun ayında Qazaxıstanın Aktau limanında Xəzər dənizinin səviyyəsinin davamlı azalmasına uyğunlaşmaq üçün dibdərinləşdirmə işlərinə başlanılması planlaşdırılır. SİA xəbər verir ki, bunu “Aktau Beynəlxalq Dəniz Ticarət Limanı”nın İdarə Heyətinin sədri Abay Turikpenbayev Bakıda keçirilən “Xəzər və Mərkəzi Asiya neft ticari-nəqliyyat Forumu”nda bildirib.
Onun sözlərinə görə, dənizin səviyyəsinin aşağı düşməsi səbəbindən tankerlər tam yüklənmir: “Tankerlərə 12 min ton əvəzinə hazırda təxminən 10 min ton yüklənir”.
“Biz dərinliyi 7,7 metrə çatdırmağı planlaşdırırıq. Bu isə gəmiləri tam həcmdə yükləməyə imkan verəcək. Bu, növbəti 3-4 il ərzində sabit işi təmin edəcək ilk mərhələdir. Əgər Xəzərin səviyyəsi azalmağa davam edərsə, biz dibdərinləşdirmənin ikinci və üçüncü mərhələlərinə başlayacağıq”, – A.Turikpenbayev bildirib.
O həmçinin əlavə edib ki, ötən il liman akvatoriyası və giriş kanalının dibdərinləşdirilməsi üzrə layihə-smeta sənədləri hazırlanıb: “Layihənin üç mərhələdə həyata keçirilməsi nəzərdə tutulur”.