Maliyyə Nazirliyinin Kollegiyası “Sektorlar üzrə strateji planların və büdcə planlarının tərtibinə dair metodoloji Təlimat”ı təsdiqləyib. SİA xəbər verir ki, bununla bağlı nazir Sahil Babayev yeni qərar imzalayıb.
Qərara əsasən, Təlimat Nazirlər Kabinetinin 22 noyabr 2024-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Sektorlar üzrə strateji planların hazırlanması Qaydası”na uyğun olaraq hazırlanıb. Onun məqsədi Ortamüddətli Xərclər Çərçivəsinin (OMXÇ), proqram və nəticəəsaslı büdcə mexanizminin tətbiqi ilə əlaqədar ortamüddətli dövrdə büdcə xərclərinin strateji planlaşdırma ilə əlaqələndirilməsi, dövlətin maliyyə resurslarının konkret nəticələrin əldə edilməsinə hədəflənən proqramlar (o cümlədən altproqramlar), tədbirlər, fəaliyyət və layihələr (bundan sonra – tədbirlər) üzrə bölgüsünün təmin edilməsi üçün sektor üzrə strateji planın tərtib edilməsini, o cümlədən sektor üzrə büdcə planının hazırlanmasını, tədbirlərin Dayanıqlı İnkişaf Məqsədləri ilə əlaqələndirilməsinin, habelə həmin tədbirlər üzrə fiskal risklərin idarə edilməsinin əsas məsələlərini, sektor üzrə aparıcı qurum və sektorda fəaliyyəti olan təşkilatlar arasında koordinasiyalı işin təşkilini və hesabatlılığı, sektor üzrə strateji planların icra vəziyyətinin yoxlanılması və icmallaşdırılmış büdcə planları üzrə monitorinqin aparılması prosedurlarını, eləcə də proses üzrə təqvimi və məlumat mübadiləsini əhatə edən metodoloji çərçivəni müəyyən etməkdir.
Təlimat sektorda fəaliyyəti olan təşkilatların (aparıcı qurumun tabeliyində olan təşkilatlar istisna olmaqla) icrasına məsul olduqları tədbirlərin maliyyələşdirilməsi üçün ayrılmış büdcə vəsaitləri üzərində müstəqil sərəncamvermə hüquqlarını saxlamaqla büdcə planlarının hazırlanaraq təqdim edilməsi, həm də icrası ilə bağlı sektor üzrə aparıcı qurum qarşısında üfüqi koordinasiya qaydasında hesabatlılığın təmin edilməsi qaydalarını müəyyən edir. Təlimata əsasən Maliyyə Nazirliyinin icmallaşdırdığı büdcə planlarının icrasının monitorinqi və sektor üzrə aparıcı qurum tərəfindən sektor üzrə strateji planın, o cümlədən strateji hədəflərə nail olunmasının icra vəziyyətinin yoxlanılması bu planlara daxil olan tədbirlərin icrası üçün nəzərdə tutulan büdcə vəsaitlərindən təyinatı üzrə səmərəli və effektiv istifadə olunmasına nəzarət edilməsi və həmin tədbirlər üzrə nəticə göstəricilərinə uyğun gözlənilən və ya nail olunması hədəflənən nəticələrə, habelə sektorlar üzrə strateji məqsədlərə çatmaq üçün tədbirlərin daxil olduğu proqramlar üzrə müəyyən edilmiş sektorlar üzrə strateji hədəflərə nail olunmasının icra vəziyyətinin hesabatlar və digər əsaslandırıcı sənədlər əsasında (kameral qaydada) yoxlanılması, həmçinin müvafiq sektorlarda OMXÇ-nin, proqram və nəticəəsaslı büdcə mexanizminin tətbiqi ilə bağlı islahatların həyata keçirilməsi zamanı yaranan problemlərin müəyyən edilməsi çərçivəsində aparılır.
Dövlət büdcəsindən və büdcədənkənar fondlardan ayrılan vəsaitlərin təyinatı üzrə istifadə olunması sahəsində qanunvericilikdə, o cümlədən İnzibati Xətalar Məcəlləsində müəyyən edilmiş hüquq pozuntularının aşkar edilməsi, həmçinin maliyyə-təsərrüfat fəaliyyəti ilə əlaqədar təsdiq edilmiş qaydaların və digər normativ aktların tələblərinin pozulması ilə bağlı zəruri yoxlamalar (o cümlədən səyyar), audit və maliyyə nəzarəti tədbirləri, habelə qanunvericiliklə müəyyən olunmuş qaydada məhkəmə qərarlarına və hüquq mühafizə orqanlarının müraciətlərinə əsasən təftiş və yoxlamalar mövcud qanunvericiliyə əsasən buna səlahiyyəti olan dövlət qurumları tərəfindən həyata keçirilir.