Kiyev kapitulyasiyaya deyil, danışıqlara hazırdır


“Ukrayna Londonda tərəfdaşlarla keçirilən görüş zamanı danışıqlara hazır olduğunu, lakin kapitulyasiyaya razı olmadığını təsdiqləyib”. SİA xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müavini, iqtisadiyyat naziri Yuliya Sviridenko özünün X hesabında məlumat verib.

“Ukrayna danışıqlara hazırdır, lakin kapitulyasiyaya yox. Rusiya üçün yenidən qruplaşma və döyüş meydanına qayıtmaq üçün əsas yaradacaq heç bir razılaşma olmamalıdır”, – deyə o bildirib.

O qeyd edib ki, quruda, havada və dənizdə tam atəşkəs sülhə aparan zəruri ilk addımdır. Lakin əgər Rusiya yalnız məhdud fasiləyə üstünlük verərsə, Ukrayna da eyni şəkildə cavab verəcək.

“Xalqımız sülh adı altında dondurulmuş münaqişəni qəbul etməyəcək. Biz Krımın işğalını heç vaxt tanımayacağıq. Əgər NATO-ya üzvlük təmin olunmasa, Ukrayna sülhü təmin edəcək qədər güclü və aydın təhlükəsizlik zəmanətləri tələb edəcək”, – deyə Sviridenko vurğulayıb.

Qeyd edək ki, aprelin 23-də Londonda Ukrayna, Böyük Britaniya, ABŞ, Fransa və Almaniya nümayəndə heyətləri arasında danışıqlar keçirilməli idi. Görüşdə hərtərəfli atəşkəs məsələsi müzakirə olunmalı idi.

Görüşdən bir gün qabaq bir sıra Qərb mediası ABŞ-ın Ukraynanı razı salmayan sülh planı təklif etməyə hazırlaşdığını yazmışdı. Həmin plan Krımın Rusiya ərazisi kimi tanınmasını nəzərdə tuturdu.

Bu bəyanatlar fonunda Prezident Volodimir Zelenski bəyan edib ki, Ukrayna işğal olunmuş əraziləri Rusiya torpağı kimi tanımayacaq.

Sonradan məlum olub ki, ABŞ Dövlət katibi Marko Rubio Londona səfərini ləğv edib. Bildirilir ki, bu qərar Zelenskinin ABŞ-ın əsas təklifi olan Krımın Rusiya ərazisi kimi tanınmasını rədd etməsi ilə bağlıdır.

Əlaqəli Xəbərlər