“Prezident İlham Əliyevin uğurlu sosial siyasətində əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, onların reabilitasiyası və cəmiyyətə inteqrasiyasının dəstəklənməsi mühüm yer tutur və bu istiqamətlərdə ardıcıl, məqsədyönlü işlər aparılır, bu kateqoriyadan olan vətəndaşlarımız daim qayğı ilə əhatə olunur. Onların sosial müdafiəsi məqsədilə davamlı olaraq mühüm layihələr icra olunur”. Bu fikirlər SİA-nın sorğusuna cavab olaraq Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən verilib.
Qurumdan bildirilib ki, bu sahədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial dəstək proqramları həyata keçirilir. Əlilliyi olan şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyə görə pensiya və ya aylıq sosial müavinət, eləcə də əlilliyi olan uşaqlar aylıq müavinətlə təmin olunur: “Müharibə, hərbi xidmət vəzifələrini yerinə yetirməklə və digər xüsusi səbəblərlə əlaqədar əlilliyi olan şəxslərə, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) əlilliyi olan şəxslərə pensiya və ya müavinətlə yanaşı, Prezidentin aylıq təqaüdü də ödənilir. Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və 18 yaşadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edənlər də Prezidentin aylıq təqaüdü ilə təmin edilirlər. Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı həyata keçirilir. Tarixi Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra bu proqram 5 dəfə genişlənib. Onlara postmüharibə dövründə 6,8 min, ümumən ötən dövrdə 16 min mənzil və fərdi ev təqdim edilib. Həmçinin müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə ötən dövrdə 7,8 min avtomobil təqdim edilib.
Əlilliyi olan şəxslərin və digər həssas qrupların yaradıcı potensialının inkişaf etdirilməsi daim diqqətdə saxlanır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan, 2021-ci ilin oktyabr ayında açılışı olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi Cənubi Qafqazda ilk və ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanı olmaqla, bu sahədə mühüm rola malikdir. Bu vaxtadək Mərkəzdə həssas əhali qruplarından olan şəxslərin cəmiyyətə inteqrasiyası üçün 100-dən çox tədbir təşkil olunub. Burada mühüm bir hissəsi əlilliyi olan şəxslərdən ibarət olan benefisiarlar müxtəlif yaradıcılıq istiqamətləri üzrə təlimlərə cəlb edilməklə, onlara sosial pedaqoji və psixoloji xidmətlər də göstərilir. 2023-cü ilin noyabr ayında Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyevanın iştirakı ilə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin İsmayıllıda “DOST EVİ” filialının da açılışı olub.
Eyni zamanda, Heydər Əliyev Fondunun sosial layihələrindən biri kimi ötən dövrdə ölkəmizin 3 bölgəsində əlilliyi olan şəxslərin İKT vasitəsilə məlumat əldə etmək və biliklərini artırmaq üçün Regional İnformasiya Mərkəzləri də yaradılıb.
Son illər ölkəmizdə reabilitasiya infrastrukturu müasir tələblərə uyğun qurulub və şəbəkəsi genişləndirilib, reabilitasiya xidmətləri göstərilən şəxslərin illik sayı 7 dəfə artıb. Nazirliyin Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlığı çərçivəsində, əlilliyi olan şəxslərin rəy və təklifləri də öyrənilməklə 2020-ci ildə və cari ildə qanunvericilikdə müvafiq dəyişikliklər edilib. Beləliklə, əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələri növlərinin sayı son 4 ildə 4 dəfəyə yaxın artırılaraq 34-dən 130-a çatdırılıb.
Ölkəmizdə son illərdə yüksək texnologiyalı son nəsil protezlərlə təminat da həyata keçirilir və 44 günlük Vətən müharibəsindən sonra müharibə ilə əlaqədar əlilliyi olan vətəndaşlarımız da son nəsil müasir protezlə təmin olunur. Həmçinin əlilliyi olan şəxslərin məşğulluq və özünüməşğulluq imkanlarının artırılması daim diqqətdə saxlanılır, paralimpiya hərəkatı ildən-ilə daha da geniş vüsət alır.
Sosial Xidmətlər Agentliyinin tabeliyində olan Sosial Xidmət Mərkəzlərində əlilliyi olan şəxslərə müxtəlif sosial xidmətlər göstərilir. Agentlik hər il respublika üzrə həssas əhali qruplarından olan on minlərlə şəxsə səyyar, stasionar və yarımstasionar xidmətlər göstərir.
Agentliyin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində 15-29 yaşlı əlilliyi olan şəxslərin müxtəlif peşələr üzrə peşə hazırlığı və peşə reabilitasiyası həyata keçirilir.
Agentliyin sosial sifarişləri çərçivəsində icra olunan layihələr (günərzi qayğı mərkəzləri, sosial reabilitasiya mərkəzləri və b.) vasitəsilə də əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasına və sosial adaptasiyasına dəstək göstərilir.
Həmçinin, Agentliyin sosial sifarişləri ilə hazırlanan mobil tətbiqlər də (“Danışan kitab”, “Övladını tanı”, “Serebralders” və s.) bu kateqoriyadan olan vətəndaşlarımızın sosial xidmətlərə əlçatanlığının təmin edilməsi məqsədi daşıyır.