Azərbaycanda istilik təchizatı sektorunun inkişafı məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) dövlət proqramları qəbul edəcək. SİA-nın xəbərinə görə, bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İstilik təchizatı haqqında” qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, istilik təchizatı sektorunun inkişafı üzrə dövlət proqramı layihələrinin “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunda nəzərdə tutulmuş qaydada strateji ekoloji qiymətləndirmə (SEQ) sənədi hazırlanacaq və həmin sənədin dövlət ekoloji ekspertizası həyata keçiriləcək.
İstilik təchizatı obyektlərinin tikintisi, genişləndirilməsi, yenidən qurulması və təmiri Şəhərsalma və Tikinti Məcəlləsinə, şəhərsalma və tikintiyə dair digər normativ hüquqi aktlara, o cümlədən texniki normativ hüquqi aktlara uyğun olaraq həyata keçiriləcək.
İstilik təchizatı obyektlərinin tikintisi, genişləndirilməsi, yenidən qurulması, təmiri və istismarı məqsədilə torpaq sahələri üzərində hüquqlar torpaq qanunvericiliyinin tələblərinə uyğun olaraq əldə ediləcək.