“Azərbaycan hüquqi dövlətdir və Azərbaycanın Konstitusiyası qarşısında etnik mənsubiyyətindən, dil və dinindən, irqindən asılı olmayaraq bütün vətəndaşlar eynidir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, nəzərə almaq lazımdır ki, Azərbaycan vətəndaşlarının həm vəzifələri, həm də hüquq və öhdəlikləri Azərbaycan konstitusiyasında nəzərə alınıb: “Ona görə də kim haradasa hüququ pozursa, vətəndaşlıq borcunu yerinə yetirmirsə, Vətənə xəyanət edirsə, bu, Azərbaycan hüquq sisteminin dərhal diqqətini cəlb edir. Onunla bağlı müxtəlif tədbirlər, cəza tədbirləri həyata keçirilir.
Erməni mediası yazır ki, “Talış tarixçisi Zahirəddin İbrahimovun martın 26-da Yekaterinburqda yoxa çıxdığı bildirilir. Az sonra onun Cənubi Azərbaycanın Lənkəran rayonundakı qohumları Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) İbrahimova qarşı dövlətə xəyanət də daxil olmaqla bir sıra ittihamların sadalandığı məktub alıblar”. Deyirlər ki, Azərbaycan xüsusi xidmət orqanları onu tutub Bakıya gətirib. İddia edirlər ki, guya, milliyyətcə talış olduğu üçün onu tutublar. Azərbaycanda heç kimi milli mənsubiyyətinə görə təqib etmirlər. Əgər bu adam da tutulub gətirilibsə, demək, konkret ittiham var.
Ona görə də düşünürəm ki, baş vermiş hadisə əgər doğrudan da baş veribsə, bu kontekstdə şərh edilməlidir. Çox təəssüf ki, Azərbaycanda daxili sabitlikdən, Azərbaycanın milli gücündən, milli həmrəyliyindən narahat olan bəzi güc mərkəzləri Azərbaycanı bölməyə cəhd göstərirlər, daxili həmrəyliyi pozmağa çalışırlar. Hüquq hadisəsini etnik qarşıdurma hadisəsi kimi təqdim etməyə çalışırlar. Ancaq mənə elə gəlir ki, bundan narahat olmağa dəyməz. Çünki bu, daha çox 1990-cı illərin əvvəllərinin problemi idi. Bu gün Azərbaycan xalqı öz birliyi, bərabərliyi ilə, öz etnik rəngarəngliyi, multikultural dəyərləri ilə dünyaya və düşmənlərimizə sübut edib ki, Azərbaycan xalqı vahiddir, birdir, “dəmir yumruq”dur”.