“Beynəlxalq Yer Günü hər il 22 aprel tarixində qeyd olunur. İlk dəfə 1970-ci ildə ABŞ-da ictimai təşəbbüs kimi qeyd olunmağa başlayan bu gün, sonradan qlobal miqyasda ekoloji hərəkatın simvoluna çevrilmişdir”. Bu sözləri SİA-ya açıqlamasında ekoloq, Jurnalistlər Birliyinin sədri Cəmşid Bəxtiyar deyib.
O bildirib ki, məqsədi insanların ətraf mühitə münasibətini dəyişmək, ekoloji problemlərə diqqəti artırmaq və təbiətin qorunması istiqamətində birgə fəaliyyətə çağırış etməkdir: “Yer Günü iqlim dəyişikliyi, biomüxtəlifliyin azalması, tullantı problemleri və təbii ehtiyatların tükənməsi kimi qlobal məsələlərin gündəmdə saxlanılmasına xidmət edir.
Azərbaycan ekologiyanın qorunması istiqamətində son illər bir sıra mühüm addımlar atıb. Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji zonası” elan olunması ölkənin ekoloji strategiyasında dönüş nöqtəsi sayılır. Bərpa olunan enerji mənbələrinin inkişafı, su ehtiyatlarının daha səmərəli idarə olunması, meşə sahələrinin genişləndirilməsi və ətraf mühitin monitorinqi sistemlərinin təkmilləşdirilməsi bu sahədə görülən əsas işlərdəndir”.
Ekoloq bildirib ki, bərpa olunan enerji sahəsində (xüsusilə külək və günəş enerjisi), tullantıların idarə olunması və təkrar emal təşəbbüsləri, Milli Parkların və Qoruqların qorunması, ağacəkmə kampaniyaları və meşəliklərin bərpası, alternativ nəqliyyatın (elektromobillər) təşviqi sahəsində mühüm layihələr həyata keçirilir.
Region ölkələri ilə müqayisədə Azərbaycanın ekoloji idarəetmə strategiyası daha sabit və planlı şəkildə həyata keçirilir. Lakin inkişaf etmiş ölkələrlə müqayisədə bəzi sahələrdə – xüsusilə sənaye tullantılarının azaldılması, şəhər havasının keyfiyyəti və ictimai ekoloji maarifləndirmə baxımından hələ də müəyyən problemlər qalır. Buna baxmayaraq, ekoloji sabitlik və davamlı inkişaf istiqamətində strateji məqsədlər müəyyən edilib və həyata keçirilməkdədir”.