Xərçəng hüceyrələrinin aşkarlanmasının qeyri-adi üsulu tapılıb


Tokio Universitetinin alimləri xərçəng hüceyrələrini sağlam hüceyrələrdən ayırmağın yeni sadə üsulunu aşkar ediblər. Araşdırmalar göstərib ki, hüceyrələrin hərəkət trayektoriyasına əsasən onların bədxassəli dəyişikliklərə məruz qalıb-qalmadığını 94%-ə qədər dəqiqliklə müəyyən etmək mümkündür. SİA xəbər verir ki, alimlər adi mikroskop altında rəngləmə tələb etməyən fazalı-kontrast mikroskopiya üsulu ilə xərçəngli fibrosarkoma (bir növ birləşdirici toxuma şişi) və normal fibroblastların hərəkət davranışlarını müqayisə ediblər.

Xüsusi alqoritmin köməyi ilə sağlam və şiş hüceyrələrinin hərəkətinə aid əsas parametrləri təhlil etmək mümkün olub: sürət, trayektoriyanın dolanbaclığı və dönmə tezliyi.

Məlum olub ki, xərçəng hüceyrələri fərqli şəkildə hərəkət edir, belə ki, onlar daha tez-tez istiqamət dəyişir və hərəkətləri daha az hamar olur. Məhz bu xüsusiyyətlər sistemə bədxassəli hüceyrələri yüksək dəqiqliklə “tanımaq” imkanı verir.

Tədqiqatçılar qeyd ediblər ki, yeni yanaşma xərçəngin diaqnozunu daha sadə, sürətli və əlçatan edir. Bu üsulu baha avadanlıq olmadan əksər laboratoriyalarda tətbiq etmək mümkündür. Bundan əlavə, bu metod hüceyrə hərəkətliliyi ilə bağlı proseslərin, məsələn, toxumaların regenerasiyası, yaraların sağalması və orqanizmin infeksiyalara reaksiyası kimi halların öyrənilməsi üçün yeni imkanlar açır.

Əlaqəli Xəbərlər