Vətəndaşlar əmək müqavilələrini daha sürətli, sadə və rahat şəkildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “e-sosial” portalının mobil tətbiqi vasitəsilə də imzalaya bilərlər. SİA xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, işəgötürən tərəfindən təsdiq üçün ünvanlanmış müqavilə həmin portalın mobil tətbiqinin əsas ekranında yeni yaradılmış “Əmək müqaviləsinin imzalanması” bölməsində əks olunur.
Vətəndaş müvafiq bölməyə keçid edərək müqaviləni nəzərdən keçirə, həmçinin imzalaya və ya imzalamaqdan imtina edə bilər. İmzalama prosesi SİMA və ya “ASAN imza” vasitəsilə həyata keçirilir.
Qeyd edək ki, ölkəmizin vahid sosial reyestri olan “e-sosial” portalının mobil tətbiqi bu günlərdə yenilənərək daha funksional bir şəkildə vətəndaşların ixtiyarına verilib.