“Azərbaycanın maraqlarına zidd davranışlardan Gürcüstan hər zaman çəkinib”


“Gürcüstan prezidentinin ilk rəsmi səfərini Azərbaycana etməsi xüsusi vurğuıanmalıdır”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Onun sözlərinə görə, o, prezident seçildikdən sonra hələ ölkəsindən kənara çıxmamışdı: “İlk səfərini Azərbaycana etdi və bununla da Azərbaycana olan rəğbətini göstərmiş oldu. İkinci bir tərəfdən onu Azərbaycanın baş naziri, milli məclisin sədri ilə eyni zamanda Prezident İlham Əliyevin özü ilə görüşləri, müzakirələri oldu. Təbii ki, bu görüş və müzakirələr iki ölkə arasında münasibətlərin daha irəli aparılması baxımından olduqca vacibdir.

Azərbaycan həmişə Gürcüstanı etibarlı tərəfdaş kimi görmək istəyir və buna da nail ola bilib. Gürcüstan da eyni zamanda Azərbaycana hər zaman arxa, dayaq olmağa çalışıb. Azərbaycanın maraqlarına zidd davranışlardan Gürcüstan hər zaman çəkinib. Özəlliklə vurğulamaq lazımdır ki, həm Azərbaycanın, həm Gürcüstanın ərazi bütövlüyünə qəsd edilib. Bizim Qarabağ və digər torpaqlarımızı Ermənistan işğal edib. Eyni zamanda Gürcüstanın Apxaziya və Guney Osetiya torpaqlarını da Rusiya işğal edib. Təbii ki, belə bir durumda da Gurcüstanla Azərbaycanın ortaq problemi olduğuna görə birlikdə hərəkət etmələri vacib idi. Azərbaycan həmişə Gürcüstanın ərazi bütövlüyünü tanıyıb. Oradakı qondarma rejimlərlə hər hansı iş birliyi etməyib və eyni zamanda da öz torpağını yəni Azərbaycan Respublikası ərazilərinin bütövlüyünün bərpası üçün əlindən gələni edib. Sevindiricidir ki, bu məsələdə Gürcüstan dövləti də Azərbaycana birmənalı dəstək verib. Yəni, ikili növqedən çıxış etməyib, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı konkret mövqe ifadə edib. Bu baxımdan Gürcüstan prezidentinin Azərbaycana səfəri təəccüblü, qəribə gəlməməlidir. Əksinə bu, gözlənilən idi və belə də olması işin xeyrinədir. Yəni o baxımdan düşünürəm ki, Gürcüstan prezidentinin bu səfərini 2 ölkə arasında münasibətlərin daha da irəli aparılması baxımından xüsusi vurğulamaq olar”.

“Hələ onu da xatırlatmaq lazımdır ki, Gürcüstanın əvvəlki prezidenti Azərbaycana münasibətdə olduqca aqressiv mövqedən çıxış edirdi. Fransanın diqtəsi ilə anti-Azərbaycan mövqeyində idi. Baxmayaraq ki, ölkənin baş naziri Azərbaycanla yaxın münasibətlərdə idi, dostluq münasibətlərində idi. Amma prezident fərqli davranırdı. İndi isə Gürcüstanda artıq prezident ilə baş nazir arasında fikir ayrılığı yoxdur. Onların hər ikisi Azərbaycana münasibətdə sabit və təqdirəlayiq mövqedən çıxış edir. Bu baxımdan Gürcüstan prezidentinin səfərini dəyərləndirə bilərik” – deyə o, əlavə edib.

Əlaqəli Xəbərlər