Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının nüsxəsi “Hökumət buludu”nda yerləşdiriləcək. SİA xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı “Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının təşkili və aparılması Qaydası”nın təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 2013-cü il 15 yanvar tarixli Qərarında dəyişiklik edilməsi haqqında qərar imzalayıb.
Qərarla Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə tapşırılır ki, Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron Məlumat bankının formalaşdırılmasını doqquz ay müddətinədək təmin etsin. Eyni zamanda, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə məlumat bankının “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nə daxil edilməsini, həmçinin fərdi məlumatların informasiya ehtiyatlarının və sistemlərinin dövlət reyestrində qeydiyyata alınmasını təmin etsin.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi isə Azərbaycan Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyasına uyğun olaraq, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə Məlumat bankının, o cümlədən Məlumat bankında toplanılan məlumatların (sənədlərin) ehtiyat nüsxələrinin “Hökumət buludu”nda yerləşdirilməsini təmin etməlidir. Bundan başqa, nazirlik Məlumat bankının aidiyyəti dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin edəcək.