Azərbaycanda kameral vergi yoxlamaları ilə bağlı yeni dəyişiklik edilib


İqtisadiyyat Nazirliyinin Kollegiyasının qərarına görə, “Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalar”a dəyişiklik edilib. SİA xəbər verir ki, bununla bağlı iqtisadiyyat naziri Mikayıl Cabbarov müvafiq qərar imzalayıb.

Dəyişikliyə əsasən, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarına dair bəyannamə (hesabat) hər rübün sonunda – növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir.

Bundan əlavə, vergi ödəyicisi, sığortaedən və ya sığortalı ölkədə fəaliyyətini müvəqqəti dayandırdıqda, ləğv edildikdə və ya fəaliyyətinə xitam verildikdə, bu barədə ərizə və ya arayışda göstərilən tarixdən etibarən 30 gün ərzində, lakin qanunla müəyyən olunmuş son təqdimetmə müddətini keçməmək şərti ilə hesabat vergi orqanına təqdim olunmalıdır.

Qərarın icrası ilə bağlı İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsinə üç gün ərzində sənədin Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim olunması tapşırılıb.

Əlaqəli Xəbərlər