Sabah Bakının Xətai rayonu, “Gənclik” parkında “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçiriləcək. SİA xəbər verir ki, festival Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Xətai Rayon İcra Hakimiyyətinin və tərəfdaş qurumların dəstəyi ilə baş tutacaq.
Yer Günü münasibətilə təşkil olunan festivalın əsas məqsədi ictimaiyyətin ekoloji problemlər barədə məlumatlılığını artırmaq, ətraf mühitin mühafizəsinə töhfə vermək və əhali arasında təkrar emal vərdişlərini təşviq etməkdir.
Tədbir çərçivəsində vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka və ya banka, yaxud 10 ədəd işlənmiş batareya təhvil verərək müxtəlif hədiyyələr əldə edə biləcəklər.
Festivalda həmçinin maarifləndirici master-klaslar təşkil olunacaq. İştirakçılar tullantıların düzgün çeşidlənməsi, təkrar emal prosesi və ətraf mühitin qorunması ilə bağlı faydalı məlumatlar əldə edəcək, ekoloji məsuliyyətin artırılmasına yönəlik tədbirlərdə yaxından iştirak edə biləcəklər.
Qeyd edək ki, Yer Günü hər il 22 aprel tarixində dünyanın müxtəlif ölkələrində qeyd olunur və bu günün əsas məqsədi ekoloji maarifləndirməni gücləndirmək, həmçinin təbiətin mühafizəsinə diqqəti artırmaqdır.