Ermənistan təxribatçı əməllərinə niyə son qoymur?


Son günlər Ermənistan silahlı qüvvələri hərbi müstəvidə təxribatlarını yenidən artırıb. Maraqlı məqam odur ki, bu təxribatlar həm də siyasi sabotajlarla paralel irəliləyir. Yəni rəsmi İrəvan həm sərhəddə hərbi, həm də diplomatik cəbhədə siyasi spekulyasiyalarını davam etdirir, münasibətlərin normallaşması ilə bağlı danışıqların müsbət ab-havasına zərbə vurur. SİA mövzu ilə bağlı QHT sədrləri arasında sorğu edərək onların bu barədə fikirlərini öyrənib.

Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli: “Ermənistan Azərbaycanla səmimi sülh bağlamaq fikrində deyil. Dünya erməniliyi və super güclər Ermənistanı Qafqazda ona görə yaratmayıb ki, o gəlib Azərbaycanla dost olsun. Ermənistan dövlət olaraq Rusiya tərəfindən, Qərbin və ABŞ-nin xeyir-duası ilə yaradılıb ki, onun vasitəsi ilə Qafqazı nəzarətdə saxlasınlar, yaranan münaqişələr vasitəsi ilə bölgəni idarə etsinlər, öz varlıqlarını regionda qorusunlar.

Sovetlər dönəmində ölkə qapalı idi və Sovet İttifaqı bu məsələyə yalnız özü nəzarət edirdi, ona görə sakitlik idi. Bu sakitlikdən isə istifadə edərək yenə Ermənistanı gücləndirirdilər.

İndi isə bölgədə Avropa, Rusiya və ABŞ demək olar ki, açıq rəqabət aparır. Ermənistan isə bu güclərdən asılı vəziyyətdədir, müstəqil qərar qəbul edə bilmir. Bu səbəbdən də yalnız siyasi manipulyasiya ilə məşğuldur. Ermənistana da bölgədə marağı olan ölkələr bu işdə dəstək verir. Hələ bu xəmir çox su aparacaq”.

Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyin sədri Fariz Əkbərov: “Ermənistanın təxribatçı əməllərinə son qoymamasının əsas səbəblərindən biri onun Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü açıq şəkildə tanımayıb, beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymamasıdır. Ermənistan, tarixən Azərbaycan torpaqlarına, o cümlədən Qarabağa qarşı iddialar irəli sürərək, işğal və terror siyasəti yürüdüb.

2020-ci ildə Azərbaycanın qəhrəman Ordusu 44 günlük Vətən müharibəsində Ermənistanı məğlub edib və öz torpaqlarını azad etsə də, Ermənistan yenə də təxribatlarını davam etdirir. Bunun səbəbləri:

1.Ermənistanın revanşist siyasəti– Ölkə rəhbərliyi məğlubiyyəti qəbul etməyib, Azərbaycana qarşı nifrət və düşmənçilik toxumunu cəmiyyətində saxlayır.

2.Xarici dəstək- Bəzi xarici qüvvələr və erməni lobbisi Ermənistanı silahlandıraraq regional sabitliyə zərər vurur.

3. Provokasiyalarla diqqət yayındırmaq– Ermənistan öz içərisindəki siyasi və iqtisadi böhranları gizlətmək üçün sərhəd təxribatları törədir.

Azərbaycan isə daim sülh və ərazi bütövlüyünü təmin etmək üçün beynəlxalq hüquq çərçivəsində addımlar atır. Lakin Ermənistanın təxribatları davam etdikcə, Azərbaycan Ordusu hər an cavab verməyə hazırdır!”.

“Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri Nadir Azəri: “Əslində, Ermənistanın təxribatı əməllərdən əl çəkməməsi iki amilə əsaslanır. Bunlardan biri daxili, digəri isə xarici amildir.

Daxili amil, ermənilərin antitürk xisləti ilə əlaqədardır: “Ermənilər zaman-zaman qonşulqdakı türk xalqlarına, o cümlədən azərbaycanlılara qarşı vəhşiliklər, misilsiz cinayətlər və təxribatlar törədiblər. Bu gün də onlar öz dağıdıcı xisltələrindən əl çəkə bilmirlər. Ona görə də davamlı təxribatlar törədirlər. Yəni necə ki, əqrəb zəhərini tökməsə dayana bilmir, ermənilər də türk xalqlarına qarşı cinayətlər törətməsə rahatlaşa bilmirlər”.

CASCFEN sədri deyib ki, xarici amil isə bəzi Qərb ölkələrinin, xüsusilə də Fransanın Ermənistanı yenidən müharibəyə cəlb etmək üçün atdığı addımlarla bağlıdır: “44 günlük Vətən savaşında Azərbaycan Ordusu işğalçı Ermənsitana sarsıdıcı zərbə vurdu. Düşünmək olardı ki, bundan sonra onlar azacıq da olsa ağıllanacaqlar. Lakin təəssüf ki, belə olmadı. Qərbin bəzi ölkələrinin silah-sursat yardımından ruhlanan Ermənistanda yenidən rervanişst əhval-ruhiyyə baş qaldırıb və onlar yenidən silsilə təxribatlar törətməkdədirlər. Lakin onlar bilməlidirlər ki, dəmir yumruq yerindədir və bu dəfə zərbə Ermənistan üçün ölümcül olacaq”.

“Cəmiyyətin İnkişafı Mərkəzi” İctimai Birliyinin sədri Əhməd Abbasbəyli: “Bu təxribatların əsas məqsədi regionda olan mövcud geosiyasi vəziyyətlə bağlı vaxt qazanmaq, bütün vasitələrdən istifadə edərək həm siyasi, həm də hərbi cəhətdən öz xeyrinə dəyişiklərə nail olmaqdır. Bu əsas məqsədin özünü də mahiyyətcə iki alt hissəyə bölmək olar: 1-cisi daxili audotoriyaya ünvanlanmış və daxili ziddiyyərlər, didişmələrdən qaynaqlanan. Bununla onun Azərbaycanın sülh müqaviləsi ilə bağlı şərtlərini qəbul etmədiyini, məğlubiyyətlə barışmayacağını, revanşizmdən əl çəkməyəcəyini və bu istiqamətdə mübarizəni davam etdirəcəyini nümayiş etdirmək.

İkincisi də xarici auditoriyaya ünvanlanmış, daha çox havadarlarının vasitəsi ilə beynəlxalq miqyasda öz xeyrinə fikir formalaşdırmaqdır. Belə ki, davamlı olaraq təxribat törətməklə Azərbaycanı ciddi cavab tədbirlərinə sövq etmək və nəticə olaraq ölkəmizi haqlı olduğu halda haqsız duruma salmaq, “aqressor”, “sülh tərəfdarı olmayan” və s. kimi təqdim edərək, ittiham obyektinə çevirməkdir”.

Ayşən Vəli

Əlaqəli Xəbərlər