Qazaxıstanın paytaxtı Astana şəhərində Azərbaycan və Özbəkistan arasında sağlam informasiya mühitinin formalaşdırılmasına dair müzakirələr aparılıb. SİA xəbər verir ki, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov ilə Özbəkistan Prezidenti Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin baş direktoru Asadjan Xocayev arasında ikitərəfli görüş keçirilib.
“Qlobal çağırışlar dövründə Mərkəzi Asiya: Media strateji inkişaf aləti kimi” mövzusunda II Mərkəzi Asiya Media Forumu çərçivəsində keçirilən görüş zamanı iki ölkə arasında informasiya mübadiləsinin təmin olunması və qarşılıqlı fəaliyyət mexanizmlərinin müzakirəsi məqsədilə konfransların, praktiki məşğələlərin və işçi qruplarının görüşlərinin təşkilinin əhəmiyyəti vurğulanıb.
Media savadlılığı sahəsində cəmiyyətin məlumatlandırılması və sağlam informasiya mühitinin formalaşdırılması istiqamətində əməkdaşlıq perspektivləri nəzərdən keçirilib. Xüsusilə “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında media sahəsində əməkdaşlığın inkişafı üzrə “Yol Xəritəsi”ndən irəli gələn məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, Bakıda keçirilməsi nəzərdə tutulan II Azərbaycan-Özbəkistan Media Forumuna dair məsələlər, həmçinin hər iki ölkənin dövlət qurumlarının kommunikasiya sahəsinə məsul struktur bölmələrinin rəhbərlərinin və jurnalistlərin qarşılıqlı səfərlərinin təşkili məsələləri müzakirə olunub.