“Bəzən insanlar bədənlərində ağrı şikayəti ilə həkim müayinəsində olurlar”. Bu sözləri SİA-ya açıqlamasında uşaq, yeniyetmə və yetkin psixoloqu Nigar Ağabağırova deyib.
Onun sözlərinə görə, bu ağrılar isə başda, qollarda, ayaqlarda, eləcə də, bədənin müxtəlif nahiyələrində görülə bilir: “Eyni zamanda ağrılar bəzən yer dəyişdirir. Məsələn, başdan boyuna, əldən ayağa keçərək ağrılar şəkil dəyişdirə bilir. Əgər bu ağrılar tibbi səbəblə açıqlana bilmirsə, həkim müayinələrində konkret diaqnoz qoyula bilmirsə, somatoform hesab olunur. Somatoform menfi düşüncələrin, duyğuların bədəndə özünü göstərməsidir.
Stress anında mədə niyə ağrıyır? Ona görə ağrıyır ki, mədə duyğularla bağlı olan ən önəmli orqanizmimizdir. Hər hansısa duyğularımız bizi narahat edəndə ilk mədəyə təsir edə bilir. Mədə sinir sistemimizlə çox əlaqəlidir. Ürək bulanma da bu sadaladığım vəziyyətlə ola bilər. Basdırılmış duyğular, həmçinin gələcəyi həddindən artıq çox düşünmək mədə ağrısı, ürəkbulanma, tərləmə, başgicəllənmə və s. simptomlarla özünü göstərə bilər.
Bu simptomlar insanı tez-tez narahat edib həyat keyfiyyətini aşağı salırsa, psixoloji dəstək alaraq həyatınızı daha rahat hala gətirib, anı doya-doya yaşaya bilərsiniz. Məhz bu (somatoform) problemləri yaşamamaq üçün duyğularımızı basdırmamağı, onları ifadə etməyi öyrənməliyik.
İfadə edilməmiş, basdırılmış duyğular şüuraltımızda yer alaraq bizi idarə etməyə baslayır. Daha sonra öz reaksiyasını bədənimizdə göstərməyə başlayır. Şüuraltımızdakı travmalarımızdan, negativ düşüncələrimizi aydınlatmaq bizim öz əlimizdədir”.