“Bərk məişət tullantılardan gəlir əldə etmək mümkündür”


“Azərbaycanda bərk məişət tullantılarının idarə edilməsində problem var. Yaponiyada olduğu kimi bizdə də bərk məişət tullantılardan gəlir əldə etmək mümkündür. Amma həmin gəliri qazanmaq üçün bu bərk məişət tullantılarının idarə etməsini təşkil etmək lazımdır. Həmçinin bu idarəetməni özəl sektor həyata keçirməlidir. Bizdə isə əsasən hökumət sektoruna aiddir. Yəni bərk məişət tullantıların idarə edilməsi ilə dövlət məşğul olur”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli deyib.

Onun sözlərinə görə, “Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində Kommunal Xidmətlər MMC”-si var: “Əsasən isə həmin idarə, bərk məişət tullantılarının idarə edilməsi ilə məşğuldur. Təbii ki, digər özəl şirkətlərdə var, lakin həmin şirkətlərin fəaliyyəti bir qədər xaotikdir. Qeyd etdiyim kimi, “Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan Kommunal Xidmətlər idarəsi MMC” davamlı olaraq Bakı şəhərində məişət tullantılarının daşınması ilə məşğul olur. Tullantıların daşınması ilə bu qurum məşğul olursa, çeşidlənməsi ilə isə “Təmiz şəhər MMC” məşğul olur. Hər iki idarə özəl sektor deyil, dövlət müəssisəsidir. Bu qurumlar prosesin bir hissəsini idarə edirlər.

Məsələn, “Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan Kommunal Xidmətlər idarəsi MMC”, məişət tullantılarını ərazidən yığıb, “Bərk Məişət Tullantıları” zovaduna və “Çeşidləmə Kombinatına” aparır. Bunun üzərində isə hər kub metrə görə, pul verirlər ki, məişət tullantılarının utilizasiyası ilə məşğul olsunlar. Hansı mərhələdə qazanc olduğu isə Azərbaycanda hələ bəlli deyil. Yəni məişət tullantılarının ərazidən yığılması. aparılması, çeşidlənməsi, daha sonra isə onların zərərsizləşdirilməsi mərhələləri var. Bu mərhələlərin hansında mənfəətin və zərərin olduğunu dəqiqləşdirmək lazımdır və bütün mərhələ bir şirkətə həvalə edilməlidir. O halda potensialımızı müəyyən edə bilərik”.

Ekspert həmçinin qeyd edir ki, dünyanın aparıcı ölkələrində məişət tullantıları gəlir gətirən sahəyə çevrilə bilib: “Bu ölkələrə nümunə olaraq Almaniya, Yaponiya, Hollandiyanı deyə bilərəm. Amma dünyanın əksər hissəində tullantıların daşınması zərərlə işləyən sahə kimi tanınır və dövlət himayəsində olur. Mənim bu istiqamətdə bir sıra araşdırmalarım olub. 2023-cü ildə layihəmiz icra olunub. Layihənin adı “Təbiətdə zibil yox_ tullantı və xammal var”, yəni bizim zibil adlandırdığımız məhsul, bütünlüklə hansısa istehsal prosesinin xammalıdır. Amma bu prosesi təşkil etmək lazımdır. Bütün tullantıların hamısı xammal kimi istifadə edilə bilər”.

Əlaqəli Xəbərlər