Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk səhhətindən yaranmış problemdən sonra Vatikanda ilk dəfə ictimaiyyət qarşısına çıxıb. SİA xəbər verir ki, Roma Papası Vatikanda qeyd olunan Müqəddəs Yubiley İli çərçivəsində aprelin 5-də keçirilən Xəstə və Səhiyyə İşçilərinin Yubiley tədbirində Müqəddəs Pyotr Meydanına toplaşan dünyanın 90 ölkəsindən 20 mindən çox dindarı salamlayıb.
Əlil arabasından izdihamı qarşısına çıxan Papa Fransisk deyib: “Xəstəlik həyatda ən çətin və ən ağır sınaqlardan biridir. Hətta bu anlarda Allah bizi tək qoymur və əgər biz özümüzü ona təslim etsək, gücümüzün tükəndiyi yerdə onun hüzurunun təsəllisini yaşaya bilərik”.
Roma Papası insanları təbrik edib, çıxışında həkimlərə və tibb işçilərinə qarşı hücumları pisləyib.
Xatırladaq ki, 88 yaşlı Fransisk fevralın 14-də Romadakı “Gemelli” xəstəxanasına yerləşdirilmiş, ona polimikrob infeksiyası və ikitərəfli pnevmoniya diaqnozu qoyulmuşdu. Roma Papası xəstəxanada 38 gün qaldıqdan sonra martın 23-də evə buraxılmışdı. Müqəddəs Taxt-Tac Papa Fransiskin səhhətinin yaxşılaşmaqda davam etdiyini bildirmişdi.