“Donald Tramp və Vladimir Putin arasında mümkün görüş, düşünürəm ki, həm gərginlik yarada bilər, həm də müəyyən mənada sülhə töhfə verə bilər”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elçin Abdullayev deyib.
O bildirib ki, burada əsas məsələ hər iki liderin maraqlarından asılıdır: “Xüsusən də, danışıqların hansı məzmunda keçəcəyi önəmlidir. Hər iki dövlət və lider arasında gərginlik yarada biləcək səbəblər, düşünürəm ki, var. Burada bir neçə aspektlər var. NATO, Avropa Təhlükəsizliyi məsələsi, eyni zamanda Çin məsələsi, digər geosiyasi rəqabət məsələsi var. Amma hal-hazırda bu gərginliklərin başında Ukrayna-Rusiya münaqişəsidir. Bunu hər kəs bilir.
Rusiya-Ukrayna münaqişəsi başladıqdan sonra ABŞ və Qərb ölkələri Ukraynanı Rusiyaya qarşı silahlandırdılar. Eyni zamanda sanksiyalar tətbiq etdilər. Təbii ki, bunların heç biri Rusiya lideri üçün qəbul olunmur. Bu amil, əsas da Ukrayna məsələsi düşünürəm ki, gərginlik yaradacaq ən böyük məsələlərdən biridir.
Sülhü yaradacaq səbəblər də var. Bu məsələ də önəmlidir. Burada ticarət əlaqələri, sanksiyaların yüngülləşdirilməsi, iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi və genişləndirilməsi məsələsi var. Silahlanma yarışının qarşısının alınması məsələsi var. Eyni zamanda başqa səbəblər də var. İran, Suriya, hətta Şimali Koreya məsələsi də var ki, düşünürəm ki, bu məsələlərdə iki dövlət arasında əməkdaşlıq nöqtəsini tapmaq, sülhə töhfə vermək üçün variantlar mövcuddur. Amma, mənə görə, Putin-Tramp görüşü daha çox ABŞ-ın yeni siyasi kursundan və beynəlxalq vəziyyətə baxışından asılıdır. Əgər Tramp Rusiya liderinə hər hansı güzəştə gedəcəksə, bu, Rusiya üçün şübhəsiz ki, qələbə kimi dəyərləndiriləcək. Amma ABŞ-Avropa birliyinin qopmasına səbəb olacaq.
Bu gün Tramp Avropanı nə qədər sərt tənqid etsə də, özünün biznesmen ampulasına sadiq qalaraq öz iqtisadi maraqlarını güdmək üçün Rusiya və digər dövlətlərə can atsa da, Avropasız ABŞ iqtisadiyyatı çox çətin olar. Çünki ABŞ Avropadan həm iqtisadi cəhətdən, həm də geosiyasi cəhətdən çox böyük faydalar əldə edir. Bu nöqteyi nəzərdən ABŞ üçün Avropadan qopmaq da o qədər asan deyil. Əksinə, Putinə qarşı Tramp sərt mövqe tutarsa, Rusiya-Amerika münasibətləri daha da dərinləşəcək, həm də gərginləşəcək. Belə olan halda sülhdən danışmaq hələ tezdir. O qənaətdə deyiləm ki, bu görüşlə sülh məsələsində ciddi bir irəliləyiş əldə olunsun. Bir sözlə, Putindən fərqli olaraq Tramp-Putin görüşündə ABŞ prezidentini çətin sınaq gözləyir”.