“Bütün Azərbaycanlı Həkimlər Dərnəyi”nin ilk toplantısı keçirilib


İstanbulda “Bütün Azərbaycanlı Həkimlər Dərnəyi-TAHD (Tüm Azerbaycanlı Hekimler) fəaliyyətə başlayıb. Azərbaycanın Türkiyədə tibb sahəsində fəaliyyət göstərən peşəkar həkimlərini, tibb işçilərini və səhiyyə ekspertlərini bir araya gətirməyi hədəfləyən yeni qurumun ilk toplantısı keçirilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədbirdə Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Azərbaycanın İstanbuldakı baş konsulluğunun konsulu Zaur Allahverdizadə, Yeni Klinikanın nəzdindəki TƏBİB Akademiyasının rəhbəri Tural Xaspolad, dərnəyin İdarə Heyətinin rəhbəri Günay Əliyeva, İstanbulda fəaliyyət göstərən səhiyyə işçiləri və digərləri çıxış edərək dərnəyin yaradılması ilə bağlı təşəbbüsü yüksək qiymətləndirib, bu platformanın gələcəkdə Türkiyə və Azərbaycan həkimləri arasında əməkdaşlığı daha da artıracağına inamlarını ifadə ediblər.

Dərnəklə bağlı AZƏRTAC-a müsahibə verən Günay Əliyeva bildirib ki, bu dərnək Azərbaycanın Türkiyədə tibb sahəsi üzrə fəaliyyət göstərən peşəkar həkimləri, səhiyyə işçilərini və səhiyyə ekspertlərini bir araya gətirərək bir platforma rolunu oynayacaq: “Məqsədimiz Türkiyədə fəaliyyət göstərən bütün azərbaycanlı həkimləri ortaq nöqtədə birləşdirərək istər bilik, istərsə də digər fəaliyyət istiqamətləri üzrə qarşılıqlı dəstək olmaq və birgə fəaliyyətimizi təmin etməkdir. Hazırda İstanbulda mindən çox azərbaycanlı həkim fəaliyyət göstərir. Gələcəkdə fəaliyyətimizi Türkiyədəki bütün həkimlərimizi əhatə edəcək şəkildə genişlətməyi planlaşdırırıq. Fikrimcə, bu təşəbbüs həm Türkiyə, həm də Azərbaycan üçün olduqca mühüm platformadır və ölkələrimiz arasında səhiyyə sahəsindəki bağların daha da inkişaf etdirilməsinə töhfə verəcək”.

Dərnəyin üzvlərinin artıq iki ildir qeyri-rəsmi şəraitdə toplantılar keçirdiyini qeyd edən müsahib bildirib ki, bu platforma Yeni Klinikanın nəzdindəki TƏBİB Akademiyasının rəhbəri Tural Xaspoladın təşəbbüsü ilə yaradılıb və dərnək artıq martın 4-də Türkiyədə rəsmi qeydiyyatdan keçib.

Tural Xaspolad AZƏRTAC-a müsahibəsində dərnəyin yaradılmasında əsas məqsədin Türkiyədə fəaliyyət göstərən azərbaycanlı həkimləri bir araya gətirərək, ortaq elmi işlərə imza atmaq olduğunu deyib: “Həkimlərimizin tibb sahəsi üzrə ölkələrimiz arasındakı əməkdaşlığa töhfə vermələri, irimiqyaslı tədbirlərdə ortaq fəaliyyəti olduqca vacibdir. Təbii ki, bütün bu qeyd etdiklərim artıq həyata keçirilir. Lakin fəaliyyətin koordinasiyası baxımında səhiyyə işçilərimizin bir çətir artında birləşməsi mühüm məsələdir. Burada dərnəyin elmlə yanaşı, tibbi turizmə də verə biləcəyi töhfələri qeyd etmək lazımdır”.

Akademiyanın rəhbəri bildirib ki, Türkiyədə tibb təhsili alan gənclərimiz də dərnəyə üzv ola biləcəklər. Bu da onlara təşkil olunan elmi konfranslarda çıxış etmək, elmi işlərinin ictimaiyyətə təqdimatı, eləcə də mütəxəssis həkimlərin bilik və təcrüələrindən faydalanmaq imkanı verəcək.

Əlaqəli Xəbərlər