Azərbaycanda inflyasiyanın Mərkəzi Bankın (AMB) hədəf diapazonunda idarə olunması, maliyyə sektorunun dərinliyinin artırılması, maliyyə sektorunun ÜDM-də payının yüksəldilməsi və ümumiyyətlə, maliyyəyə çıxış imkanlarının genişləndirilməsi istiqamətində mühüm nailiyyətlər əldə olunub. SİA AMB-yə istinadən xəbər verir ki, bunu qurumun sədri Taleh Kazımov “2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə yaradılmış “Makro-iqtisadi dayanıqlılıq” üzrə alt işçi qrupun ilk iclasında bildirib.
O, iqtisadi artımın davamlılığının təmin edilməsi, xarici və daxili şoklara qarşı iqtisadiyyatın dayanıqlılığının artırılması, həmçinin sosial rifah və inklüziv inkişafın dəstəklənməsi baxımından makroiqtisadi dayanıqlılığın mühüm əhəmiyyət daşıdığını vurğulayıb, Strategiyanın makroiqtisadi sabitlik sahəsində həyata keçirilmiş tədbirlərin müsbət nəticələr verdiyini bildirib.
Sədr çıxışı zamanı 2027-2030-cu illərdə ölkədə makroiqtisadi dayanıqlılığın daha da gücləndirilməsi məqsədilə makroiqtisadi və maliyyə sabitliyi üzrə siyasət çərçivələrinin təkmilləşdirilməsinin vacibliyini vurğulayıb.
Daha sonra tədbirdə “2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması çərçivəsində təklif olunan fəaliyyət istiqamətləri ətrafında müzakirələr aparılıb.
Sədr yekunda işçi qrupun üzvlərini bu fəaliyyət istiqamətləri üzrə koordinasiyalı əməkdaşlığa dəvət edib.
“Makro-iqtisadi dayanıqlılıq” üzrə alt işçi qrupu ölkə Prezidentinin 30 may 2025-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması barədə sənədin icrasının təmin olunması məqsədilə Nazirlər Kabinetinin 18 iyun 2025-ci il tarixli sərəncamına əsasən yaradılıb.