Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən istehlakçıların öz hüquqları barədə məlumatlılıq səviyyəsinin artırılması məqsədilə maarifləndirici tədbirlərin keçirilməsi davam etdirilir. Dövlət Agentliyindən SİA-ya bildirilib ki, bu məqsədlə qurumun Şəki şəhərində yerləşən 13 saylı regional bölməsində (əhatə etdiyi rayonlar: Şəki, Qax, Zaqatala, Balakən) istehlakçılar üçün növbəti “Açıq qapı” günü keçirilib.
40-dan çox istehlakçının qatıldığı tədbirdə agentliyin fəaliyyət istiqamətlərinə dair təqdimat edilib, istehlakçı hüquqlarının müdafiəsi sahəsində mövcud olan normativ-hüquqi aktlar barədə ətraflı məlumat verilib. Təcrübədə rast gəlinən istehlakçı hüquqlarının pozulması halları ilə bağlı müraciətlər dinlənilib, həmin pozuntularla bağlı qanunvericiliyin müvafiq müddəaları izah olunub və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Bundan əlavə, tədbir iştirakçılarına istehlakçı hüquqlarının müdafiəsini həyata keçirən aidiyyəti dövlət qurumları və məhkəmə orqanlarının bu sahədə rolu və funksiyaları barədə ətraflı məlumat verilib.