“Ermənistan Azərbaycanla tezliklə sülh sazişini imzalamaq fikrində deyil. Ermənistan daha çox sülh danışıqlarını uzatmaq, sülh sazişi üzərində diplomatiyanı və siyasi ritorikanı davam etdirmək fikrindədir. Bununla vaxt qazanmaq istəyir, yəni sülh sazişi ilə bağlı diplomatik fəaliyyəti və siyasi ritorikanı heç bir konkret nəticəyə gəlmədən uzatmaq Ermənistanın bu gün maraqları çərçivəsindədir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.
Onun sözlərinə görə, uzatmaq istədiyi vaxt ərzində Ermənistan bu gün həm Qərblə – Avropa ilə, NATO ilə və ayrı-ayrı Qərb ölkələri ilə siyasi inteqrasiyanı gücləndirməyi hədəfləyib. Eyni zamanda Ermənistan Qərbin müəyyən strukturlarının yerləşməsi, oturuşması üçün yeni addımlar atmaq fikrindədir: “Bununla bərabər Avropa Birliyinin bizim bölgəmizdə daha fəal bir oyunçuya çevrilməsini təmin etmək üçün yeni işlər görmək fikrindədir. Xüsusilə də Fransanın bölgəmizə yenidən siyasi nüfuz etməsi üçün müəyyən addımlar atmaq Ermənistanın planları çərçivəsindədir. Azərbaycanla normallaşma prosesinə beynəlxalq vasitəçiləri, xüsusilə də Avropa Birliyini daha fəal şəkildə cəlb etmək Ermənistanın planları içindədir. Paralel olaraq Ermənistan Rusiya ilə daha da artıq gərginliyə getmədən özünün iki əsas hədəfini həyata keçirmək istəyir. Birinci, Rusiyanın patronajlığı altında olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və MDB-nin müəyyən strukturlarından mümkün qədər siyasi olaraq uzaqlaşmaqdır. İkincisi isə Rusiyanın siyasi-təhlükəsizlik orbitindən çıxıb Avropaya, NATO-ya qoşulana qədər Rusiyanın iqtisadi-ticarət imkanlarından mümkün qədər bəhrələnməkdir.
Yəni, Rusiyadan siyasi və təhlükəsizlik baxımından uzaqlaşmaq, amma iqtisadi və ticarət baxımından faydalanmaq Ermənistanın planları sırasındadır. Beləliklə, Ermənistan hazırkı şəraitdə zahirən qeyri-müəyyən siyasət aparan bir ölkə kimi görünsə də, əslində qeyri-müəyyənlik yoxdur. Ermənistanın hədəfləri məlumdur – həm Azərbaycanla, həm Qərblə, həm də Rusiya ilə bağlı hədəflər tam aydın şəkildə ortadadır. Ermənistan sülh sazişini tezliklə imzalamaq fikrində deyil. Vaxt qazanmaq və bu müddət ərzində həm Rusiyadan zərbə almamaq, həm iqtisadi ehtiyaclarını Rusiyanın hesabına qarşılamaq, həm də Avropa Birliyi və NATO ilə siyasi-təhlükəsizlik sahəsində yaxınlaşmaq əsas hədəfləridir”.