Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) 2024-cü ili 116,938 milyon manat mənfəətlə başa vurub. SİA Fondun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 3,3 dəfə çoxdur.
Ötən il DSMF-nin məcburi dövlət sosial sığorta haqqından gəlirləri 63,525 milyon manat (əvvəlki ilə nisbətən 54,5 % çox), digər gəlirləri 118,962 milyon manat (14,8 % çox), faiz gəlirləri 106,003 milyon manat (5,4 dəfə çox), sığorta ödənişləri 10,748 milyon manat (32,9 % az), köhnəlmə və amortizasiya xərcləri 5,001 milyon manat (10,9 % az), əmək haqqı, maaş və əlaqəli ödənişləri 98,354 milyon manat (10,8 % çox), ümumi inzibati xərcləri 12,727 milyon manat (10 % çox), investisiya gəliri üzrə xərcləri 39,432 milyon manat (əvvəlki il olmayıb), dəyərsizləşmə ehtiyatı üzrə xərcləri 1,839 milyon manat (25,5 % az), sair xərcləri isə 3,451 milyon manat (23,9 % az) təşkil edib.
Bu il yanvarın 1-nə DSMF-nin aktivləri 10 milyard 47,578 milyon manat olub ki, bu da illik müqayisədə 27 % çoxdur. Hesabat dövründə Fondun öhdəlikləri 25,9 % artaraq 9 milyard 842,791 milyon manata, balans kapitalı isə 2,3 dəfə artaraq 204,787 milyon manata çatıb.
Xatırladaq ki, DSMF 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 5,5 milyon manatdır. Fond məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, dövlət icbari şəxsi sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.