Azərbaycan İordaniya ilə tərəfdaşlığı müzakirə edib


Azərbaycan və İordaniya arasında şəhərsalma sahəsində tərəfdaşlıq məsələləri müzakirə edilib. SİA Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə istinadən xəbər verir ki, müzakirələr qurumun sədri Anar Quliyevlə İordaniyanın ölkəmizdəki səfiri Ömər Bərəkət əl-Nahar ilə görüşündə baş tutub.

Görüş zamanı ölkələrimizin şəhərsalma, tikinti və məskunlaşma sahələrindəki potensial imkanlarına dair geniş fikir mübadiləsi aparılıb, aidiyyəti qurumlar arasında əlaqələrin qurulmasının vacibliyinə diqqət çəkilib. Həmçinin hazırda Bakıda və digər regionlarda, o cümlədən işğaldan azad edilmiş ərazilərdə müasir və insanyönümlü şəhərsalma standartlarına uyğun layihələrin uğurla həyata keçirildiyi qeyd edilib.

Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işləri səfir tərəfindən yüksək qiymətləndirilib, burada insanların doğma torpaqlarına qayıdışı ilə yanaşı, onların rahat və təhlükəsiz yaşayışı üçün geniş imkanların yaradıldığı xüsusi vurğulanıb. Komitə sədri həmçinin İordaniyanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı qəbul edilmiş “Dayanıqlı və Sağlam Şəhərlər üçün Çoxsektorlu Fəaliyyət Yolları” Bəyannaməsinin İordaniya tərəfindən dəstəklənməsinə görə təşəkkürünü bildirib.

Sonda A.Quliyev İordaniya tərəfini 3-cü Azərbaycan Milli Şəhərsalma Forumuna, eləcə də gələn il 17-22 may tarixlərində Bakının ev sahibliyi edəcəyi 13-cü Ümumdünya Şəhərsalma Forumuna dəvət edib.

Əlaqəli Xəbərlər