Fransa və onun Prezidenti Emmanuel Makronun Yaxın Şərqlə bağlı bəyanatlarında qeyri-səmimidir. Parisin əsl məqsədi nə Fələstin xalqına, nə də digər xalqlara dəstək verməkdir. Fransanın əsas hədəfi yeni müstəmləkəçilik siyasətini həyata keçirmək və dünya miqyasında təsir dairəsini genişləndirməkdir. SİA xəbər verir ki, bu barədə Türkiyənin “Milli Gazete” nəşrində dərc olunan məqalədə qeyd olunub.
Nəşr Parisin keçmiş müstəmləkəsi olan Niger ətrafında başverən prosesləri misal gətirib. Fransız hərbçilərinin çıxarıldığı bu Afrika ölkəsinin rəhbərliyinə qarşı Makronun açıq şəkildə işğalla hədələdiyi, “Paris Fransa vətəndaşlarının və ölkənin maraqlarına zərər verilməsinə imkan verməyəcək” deyə bəyan etdiyi qeyd olunub. Nəşr yazır ki, bütün bu hadisələr cəmi iki il əvvəl baş verib və müasir Fransanın rifahının kökündə yüzillik müstəmləkəçilik, başqa xalqların sərvətlərinin talan olunması, Asiyadan Afrikaya qədər milyonlarla insanın qanı və göz yaşları dayanır.
“Keçmiş müstəmləkələrindən de-yure çəkilmələrinə baxmayaraq, fransızlar təsir dairələrini qoruyub saxlamağa çalışmaqdan əl çəkmirlər. Paris dünyanın müxtəlif bölgələrində ərazilərə nəzarəti davam etdirərək, başqa xalqların sərvətlərini açıq şəkildə talayır”, – deyə qəzet yazır. Bildirilir ki, bu səbəbdən bir çox ölkələrdə müasir Fransa anlayışı “müstəmləkəçilik” və “işğal” terminləri ilə eyniləşdirilir.
Nəşr xatırladır ki, Fransa bir zamanlar öz ərazisindən 17 dəfə böyük torpaqları işğal etmiş, yerli əhalini məhv etmiş, fransız dilini və katolisizmi zorla yaymışdır.