Güclü meşə yanğını Bursa vilayətini cənginə aldı


Türkiyənin Bursanın Gürsu və Kestel rayonları arasındakı meşəlik ərazidə yanğın baş verib. SİA xəbər verir ki, bu barədə “Haberler” qəzeti məlumat yayıb.

Küləkli hava şəraiti səbəbindən magistral yola çatan alov yerli sakinlərin evlərini təhdid etməyə başlayıb və bu səbəbdən Gürsuya aid Karahıdır rayonundan insanların təxliyyə edilməsinə qərar verilib. Onların idman kompleksində yerləşdirilməsi planlaşdırılır. Yanğının yaşayış sahələrini təhdid etdiyi, Karahıdır və İğdır kəndlərinin alov içində olduğu bildirilir.

Hadisə yerinə Meşə Təsərrüfatı İdarəsinin qrupları və yanğınsöndürənlər göndərilib. Yanğının söndürülməsinə könüllülər də kömək edir.

Yerli hakimiyyət sakinlərdən hökumətin xəbərdarlıqlarına əməl etməyi və lazımi tədbirlər görməyi xahiş edib.

Yanğının hansı səbəblərdən baş verdiyi hələ məlum deyil.

Bu arada, Karabük-Ankara avtomobil yolu hər iki istiqamətdə nəqliyyatın hərəkəti üçün bağlanıb.

Daha əvvəl bildirilib ki, meşə yanğınları səbəbindən Türkiyənin cənubunda yerləşən Mersin və Karabük əyalətlərindən 1,3 mindən çox sakin təxliyə edilib. Antalya vilayətinin şərqində başlayan yanğın anomal istilər və güclü külək fonunda qonşu ərazilərə yayılıb. Karabükdə yanğın 70 saatdan artıqdır ki, söndürmək olmur.

Əlaqəli Xəbərlər