Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Maka Botçorişvili ilə görüşüb. SİA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, nazirlər arasında baş tutan təkbətək görüş daha sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.
Görüş zamanı Azərbaycan-Gürcüstan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər ölkələr arasında yüksək səviyyəli siyasi dialoqun, qarşılıqlı səfərlərin və siyasi məsləhətləşmələrin münasibətlərin daha da dərinləşməsinə verdiyi töhfəni vurğulayıblar.
Nazirlər enerji, nəqliyyat, ticarət, turizm və təhsil sahələrində əməkdaşlığın daha genişləndirilməsi imkanlarını müzakirə ediblər.
Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars və Cənub Qaz Dəhlizi kimi birgə həyata keçirilən layihələrin, habelə yaşıl energetika və rəqəmsal kommunikasiya sahəsində irəli sürülmüş təşəbbüslərin və layihələrin strateji əhəmiyyəti qeyd olunub.
Şərq-Qərb Orta Dəhlizin ölkələrimiz və Mərkəzi Asiya arasında əməkdaşlıq əlaqələrinə müsbət töhfəsi vurğulanıb.
İki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı, ticarət dövriyəsində artan dinamika məmnuniyyətlə qeyd olunub.
Həmçinin, humanitar sahədə əməkdaşlığın inkişafı, mədəniyyət mübadilələrinin təşviqinin vacibliyi bildirilib.
Tərəflər beynəlxalq platformalarda, o cümlədən regional təşəbbüslər çərçivəsində Azərbaycan və Gürcüstan arasında qarşılıqlı dəstəyə əsaslanan əməkdaşlığın davam etdirilməsinin önəmini qeyd ediblər.
Azərbaycanın iştirakı ilə üçtərəfli və çoxtərəfli formatlar çərçivəsində birgə fəaliyyətin, ortaq səylərin əhəmiyyəti nazirlər tərəfindən vurğulanıb.
Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə yüksək səviyyəli əlaqələrinin, Azərbaycan-Gürcüstan-Mərkəzi Asiya regional tərəfdaşlığı üçün əsas təşkil etdiyi diqqətə çatdırılıb.
Görüşdə regionda və onun hüdudlarından kənarda baş verən proseslər, o cümlədən qarşılıqlı maraq doğuran təhlükəsizlik məsələləri müzakirə olunub.
Nazir Ceyhun Bayramov qarşı tərəfi ölkəmiz tərəfindən işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, habelə Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesi barədə ətraflı məlumatlandırıb.
Gürcüstanın normallaşma prosesinə verdiyi töhfə, 2022-ci ildən etibarən bir sıra görüşlərə ev sahibliyi etməsi məmnuniyyətlə xatırlanıb.
Sülh prosesində əhəmiyyətli irəliləyişə baxmayaraq, Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən ərazi iddialarının yekun sülh sazişinin imzalanması üçün maneə olaraq qaldığı diqqətə çatdırılıb.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Daha sonra nazirlər görüşün yekunlarına dair mətbuat konfransında bəyanatlarla çıxış ediblər.