Azərbaycan və Gürcüstanın həyata keçirdiyi birgə layihələr ümumilikdə daha geniş coğrafiyaya əhəmiyyətli töhfələr verib. SİA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Tbilisidə gürcü həmkarı Maka Boçorişvili ilə birgə keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, ötən il Gürcüstanda böyük uğurla keçirilmiş parlament seçkilərindən sonra Gürcüstan Baş nazirinin ilk rəsmi səfərinin məhz Azərbaycan Respublikasına həyata keçirməsi, eləcə də bu ilin aprel ayında Gürcüstan Prezidentinin ilk xarici səfərinin Azərbaycana baş tutması ölkələr arasında mövcud münasibətlərə verilən yüksək dəyərin və səmimi dostluq əlaqələrinin bariz nümunəsidir.
“Eyni dərəcədə intensiv və səmərəli dialoqu biz müxtəlif nazirliklər arasında da mütəmadi əsasda müşahidə edirik. Bununla yanaşı, parlamentlərimiz arasında da olduqca nümunəvi və fəal əməkdaşlıq mövcuddur”, – nazir qeyd edib.
C.Bayramov vurğulayıb ki, Azərbaycan Gürcüstanın əsas investorlarından biri hesab olunur və son illər ərzində ölkə tərəfindən Gürcüstan iqtisadiyyatına 3,6 milyard ABŞ dolları həcmində investisiya qoyulub:
“Hörmətli xanım nazirin də qeyd etdiyi kimi, ölkələrimizin birgə iştirakı ilə həyata keçirilən nəhəng layihələr təkcə Azərbaycan və Gürcüstana deyil, ümumilikdə daha geniş coğrafiyaya əhəmiyyətli töhfələr verib. Bu layihələr həm ölkələrimizin, həm də xalqlarımızın rifahının yüksəldilməsi baxımından xüsusi əhəmiyyət daşıyır və onların təsir dairəsi regional sərhədləri aşaraq qlobal miqyasda hiss olunur. Bu nəhəng layihələr sırasında Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu və digər mühüm təşəbbüsləri xüsusilə qeyd edə bilərik.
Şübhəsiz ki, bundan sonra da ölkələrimiz arasında bu cür nəhəng layihələr davam etdiriləcək. Xüsusilə, alternativ enerji sahəsində həyata keçirilən təşəbbüsləri vurğulamaq istərdim. Bu layihə Xəzər hövzəsindən — yəni Azərbaycanın yaşıl enerji resurslarının Azərbaycan və Gürcüstan ərazisindən keçməklə Qara dəniz üzərindən Avropa bazarlarına çatdırılmasını nəzərdə tutur. Bu çərçivədə Azərbaycan və Gürcüstan bir sıra Avropa ölkələri, o cümlədən Türkiyə ilə sıx əməkdaşlıq edərək layihənin uğurla irəliləməsini təmin edirlər”.