“Son illərdə gənclərin xaricə miqrasiya meyli Azərbaycan cəmiyyətində ciddi sosial və iqtisadi dəyişikliklərə yol aça bilər. İlk növbədə, bu proses ölkədə əmək resurslarının azalmasına səbəb olur. İxtisaslı və gənc işçi qüvvəsinin kütləvi şəkildə xaricə üz tutması daxili bazarda kadr çatışmazlığı yaradır, xüsusilə texnologiya, mühəndislik və səhiyyə kimi sahələrdə peşəkar mütəxəssislərin sayı azalır”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Emin Qəribli deyib.
Onun sözlərinə görə, bu da uzunmüddətli perspektivdə iqtisadi inkişaf tempinə mənfi təsir göstərə bilər: “Sosial baxımdan, gənclərin kütləvi miqrasiyası ailə strukturlarında parçalanmaya gətirib çıxarır. Valideynlər və övladlar arasında məsafə artır, ailə bağları zəifləyir. Eyni zamanda, gənclərin ölkədən getməsi cəmiyyətin dinamikliyinə, mədəni mühitə və sosial innovasiyalara mənfi təsir edir. Çünki gənc nəsil yeni ideyaların və inkişafın əsas aparıcı qüvvəsidir. Digər tərəfdən, miqrasiya ölkəyə pul köçürmələrinin artmasına şərait yaradır ki, bu da müəyyən dərəcədə iqtisadi müsbət təsir göstərir. Lakin uzunmüddətli nəticədə bu proses “beyin axını”na çevrilir və ölkənin intellektual potensialını zəiflədir.
Bu tendensiyanın qarşısını almaq üçün gənclər üçün daha geniş iqtisadi imkanlar, iş yerləri və şəffaf karyera inkişafı perspektivləri yaradılmalıdır. Dövlət və özəl sektor gənclərin ölkə daxilində inkişaf etməsi üçün motivasiyaedici layihələr və innovativ mühit təmin etməlidir”.