Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Dənizkənarı Milli Parkın ərazisində fəaliyyət göstərən sahibkarlara istehlakçı hüquqları ilə bağlı qanunvericiliyin tələblərini izah edib, müştəri məmnuniyyətinin təmin olunması istiqamətində tövsiyələr verib. SİA bu barədə Dövlət Agentliyə istinadən xəbər verir
Məlumata görə, bununla bağlı keçirilmiş tədbirdə ticarət, ictimai iaşə, məişət və digər növ xidmət sahələrində çalışan sahibkarlar iştirak ediblər. Qurumun İstehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlı və İstehlakçı hüquqlarının müdafiəsi şöbəsinin müdiri Elşən Cəfərov təqdimatla çıxış edərək istehlakçı hüquqları, mövcud problemlər və onların həlli yolları, eləcə də sahibkarların bu sahədə vəzifələri barədə ətraflı məlumat veriblər. Bildirilib ki, ölkədə istehlakçı hüquqlarının müdafiəsi üzrə etibarlı təminat sistemi yaradılıb və bu sahəni tənzimləyən bir sıra normativ-hüquqi aktlar qəbul olunub.