Almaniya vətəndaşlarının əksəriyyəti radikal sağçı AfD-nin qadağan olunmasına qarşıdır


Almaniyada əhalinin əksəriyyəti radikal sağçı Almaniya üçün Alternativ (AfD) partiyasının qadağan olunmasına qarşıdır. SİA xəbər verir ki, “Allensbach” İctimai Rəy İnstitutunun “Frankfurter Allgemeine Zeitung” qəzetinin sifarişi ilə keçirdiyi sorğuya əsasən, respondentlərin 52 faizi partiyanın qadağan olunmasının əleyhinə, 27 faizi isə lehinə olduğunu açıqlayıb.

Şərqi Almaniyada respondentlərin təxminən 65 faizi, ölkənin qərbində isə 49 faizi AfD-nin qadağa olunmasını düzgün hesab etmir. Qərbi Almaniyada respondentlərin 67 faizi, Şərqi Almaniyada isə 88 faizi tanıdığı şəxslər arasında AfD-yə rəğbət bəsləyənlərin olduğunu bildirib.

Həmçinin rəyi soruşulanların 54 faizi AfD-ni sağ radikal kimi xarakterizə etdiyi halda, yalnız 5 faizi partiyanın tərəfdarları haqqında belə düşünür. Respondentlərin əksəriyyəti, həmçinin AfD-nin qadağan olunması təşəbbüsünü digər partiyaların arzuolunmaz rəqibdən qurtulmaq niyyəti kimi qiymətləndirib.

Qeyd edək ki, AfD-nin qadağan olunması tələbləri Almaniya daxili kəşfiyyat xidməti tərəfindən partiyanın qəti şəkildə sağ radikal kimi təsnif edilməsindən sonra daha da güclənmişdi. Lakin AfD bu qərara qarşı hüquqi yolla mübarizə apardığı üçün proses müvəqqəti olaraq dondurulub.

Əlaqəli Xəbərlər