“Zəngəzur dəhlizi yalnız tranzit koridor deyil,…”


“Azərbaycan üçün Zəngəzur dəhlizinin və Naxçıvan vasitəsilə ölkə ərazisindən keçidin kim tərəfindən idarə olunması məsələsi əsasən texniki və siyasi incəlikləri olan, lakin birbaşa Azərbaycanın maraqlarına ikinci dərəcəli təsir göstərən bir mövzudur. Əslində, Azərbaycanın prioriteti bu marşrutun fəaliyyəti və istifadəsində rahatlıq, təhlükəsizlik və maneəsizliyə təminat verilməsidir. Yəni, Azərbaycanın istənilən vətəndaşı və ya yükü ölkənin bir hissəsindən digər hissəsinə sərbəst şəkildə, vaxt itirmədən və problemlə qarşılaşmadan keçə bilməlidir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, bu məsələ yalnız ölkədaxili nəqliyyat və kommunikasiya üçün önəmli deyil, həm də Azərbaycan üçün beynəlxalq ticarət və iqtisadi inteqrasiya baxımından həyati əhəmiyyət kəsb edir. Zəngəzur dəhlizi Azərbaycanın dünya bazarlarına çıxışını təmin edən strateji bir koridor rolunu oynayır. Bu dəhliz vasitəsilə həm insan axını, həm də yükdaşımaları sürətləndirilir, ölkənin iqtisadi əlaqələri genişlənir və regionda iqtisadi inkişafın yeni imkanları yaranır. Beləliklə, Azərbaycanın ticarət və logistika imkanlarının artması, onun regional güc və təsir imkanlarını da artırır: “Azərbaycan və Ermənistan arasında dəhlizin idarə olunması ilə bağlı artıq uzun müddətdir ki, dialoq və müzakirələr aparılır. Bu müzakirələrdə Ermənistanın özü qərar verməlidir: ya dəhlizin idarə olunmasını öz üzərinə götürəcək, ya da bu məsuliyyəti başqa tərəfə ötürəcək. Azərbaycanın bu məsələdə əsas tələb və marağı isə dəhlizin sərbəst, təhlükəsiz və maneəsiz fəaliyyət göstərməsidir.

Bundan əlavə, bu marşrut üzərindən Azərbaycan vətəndaşlarının sərbəst hərəkəti, yüklərin fasiləsiz daşınması ölkənin daxili inteqrasiyasını gücləndirir və regional stabilliyin təmin olunmasına da töhfə verir. Bu, həmçinin beynəlxalq aləmdə Azərbaycanın mövqeyini gücləndirir, ölkənin nəqliyyat və tranzit potensialını artırır. Zəngəzur dəhlizinin funksionallığı Azərbaycanın milli maraqları üçün həyati əhəmiyyət daşıyır. Müzakirələr və razılaşmalar əsasən texniki detal və nəzarət məsələləri üzərində cəmləşsə də, Azərbaycan üçün önəmli olan əsas məsələ bu koridorun fəaliyyətinin fasiləsiz, təhlükəsiz və sərbəst şəkildə təmin edilməsidir. Bu, ölkənin iqtisadi inkişafını və regional inteqrasiyasını sürətləndirəcək, həmçinin milli təhlükəsizlik və suverenlik prinsiplərinə tam cavab verəcəkdir. Azərbaycanın gələcəkdə bu dəhliz üzərindən keçən nəqliyyat yollarını, sərhəd-keçid məntəqələrini və logistika infrastrukturlarını müasir standartlara uyğun qurması, həm də regionda iqtisadi dinamikanın artırılması üçün böyük perspektivlər açacaqdır. Bu baxımdan, Zəngəzur dəhlizi yalnız tranzit koridor deyil, eyni zamanda Azərbaycanın regional liderlik mövqeyini möhkəmləndirən strateji layihədir”.

Əlaqəli Xəbərlər