Belçika Krallığının istehsalçı şirkəti “S.A. Corman”a məxsus kərə yağı məhsulunda aşkarlanmış uyğunsuzluqla əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən idxalla bağlı qoyulan müvəqqəti məhdudiyyət aradan qaldırılıb. Belə ki, AQTA-nın bildirişi əsasında, Belçikanın aidiyyəti qurumu tərəfindən istehsalçı müəssisədə nəzarət tədbirləri görülüb və laborator müayinələr aparılıb. Müvafiq sağlamlaşdırma tədbirləri ilə bağlı agentliyə ətraflı məlumat verilib. Bu barədə SİA-ya AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, Belçika tərəfindən gücləndirilmiş nəzarət tədbirlərinin görülməsi, həmçinin qarşılıqlı idxal-ixrac əməliyyatları ilə bağlı müvafiq tələblərə əməl olunacağına dair zəmanətin verilməsi nəzərə alınaraq, istehsalçının respublikamıza məhsul idxalına qoyulmuş müvəqqəti məhdudiyyət aradan qaldırılıb.
AQTA-nın qərarı ilə bağlı Belçika Krallığının Qida Zəncirinin Təhlükəsizliyi üzrə Federal Agentliyinə müvafiq məlumat verilib.