Dövlət Məşğulluq Agentliyi tərəfindən gənclərin məşğulluğunun dəstəklənməsi və əmək bazarına inteqrasiyası məqsədilə bir sıra aktiv məşğulluq proqramları həyata keçirilib. Təkcə cari ilin 6 ayı ərzində agentlik tərəfindən ümumilikdə 28 min 283 nəfər gənc işlə təmin edilib. Bu kateqoriyadan olan 1643 nəfər özünüməşğulluq proqramına, 2 min 886 nəfəri isə peşə hazırlığına cəlb edilib. Sosial iş yerlərində işçilərin əməkhaqlarının maliyyələşdirilməsi proqramı üzrə 276, kvota yerləri üzrə isə 28 nəfər işlə təmin olunub.
SİA-nın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev deyib.
İdarə Heyətinin sədri agentliyin gənclərin məşğulluğunu əsas istiqamətlərdən biri kimi diqqət mərkəzində saxlandığını və bununla bağlı xüsusi layihələr həyata keçirdiyini bildirib. “Məsələn, peşə təhsili mərkəzlərində təhsil alan gənclərin biznes bacarıqlarının inkişaf etdirilməsi, sahibkarlıq fəaliyyətinə təşviq olunması, onların özünüməşğulluğunun təmin edilməsi, mikro və kiçik sahibkarlar arasında peşə təhsili almış gənclərin sayının artırılması, yeni biznes təşəbbüslərinin dəstəklənməsi və peşə təhsilinə marağın artırılması məqsədilə Dövlət Məşğulluq Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə “Gənclərin biznes emalatxanası” layihəsi icra olunur. Layihə çərçivəsində müxtəlif sahələr üzrə peşə təhsili alan gənclərin biznes təlimlərinə cəlb olunması, istehsalat müəssisələrinə səfərlərin təşkili və onların özünüməşğulluq proqramı çərçivəsində mikrobiznes qurmaq məqsədilə müvafiq avadanlıqlarla təmin edilməsi nəzərdə tutulub. Hazırkı mərhələdə artıq 51 vətəndaş aktivlərlə təmin olunub. Layihənin sonunda ümumilikdə 72 gəncin bu təşəbbüsdən faydalanması planlaşdırılır”, – deyə agentlik sədri vurğulayıb.
Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyevin AZƏRTAC-a məxsusi müsahibəsi ilə daha ətraflı linkdə tanış ola bilərsiniz.