“Proses fasiləsiz şəkildə davam etdirilməlidir”


“İşğaldan azad olunmuş bölgələrimizə keçmiş məcburi köçkünlərin yerləşdirilməsi fasiləsiz və sistemli şəkildə davam edir. Bu prosesin fasiləsiz və davamlı şəkildə getməsi onun uğurlarından xəbər verir, eyni zamanda prosesin düzgün qurulduğunu göstərir. Artıq məlumatlara görə, bütövlükdə azad olunmuş Şərqi Zəngəzur və Qarabağ bölgəsinə 50 mindən artıq sakin yerləşdirilib”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, bunların böyük bir hissəsi keçmiş məcburi köçkünlərdir, işləyənlərdir, tələbələrdir və s. Amma bu ərazilərin sürətlə məskunlaşması davam edir. Yaxın bir neçə ildə keçmiş məcburi köçkünlərin böyük bir hissəsi, yəqin ki, bu ərazilərdə öz əvvəlki dədə-baba yurdlarında məskunlaşacaqlar. Bu, Azərbaycanın nə qədər ardıcıl və prinsipial mövqe tutduğunu bir daha göstərir. Eyni zamanda ölkənin xeyli maddi resursları bu işə sərf olunsa da, bir daha dünyada Ermənistanın təcavüzkar və irticaçı simasını ifşa edir: “Göstərir ki, əgər Ermənistan vaxtilə Azərbaycana bu qədər dağıntı və fəlakət bəxş etməsəydi, Azərbaycan indiki qədər vəsaitlərini həmin ərazilərin bərpasına yönəltməzdi və dövlətin, cəmiyyətin daha da rifahına və inkişafına sərf etmiş olardı. Ancaq Azərbaycanın bu işğaldan azad olunmuş ərazilərimizin bərpası və məskunlaşdırılmasına sərf etdiyi resurslar cəmiyyətimiz tərəfindən anlayışla qarşılanır. Çünki hər kəs başa düşür ki, bu Azərbaycan üçün artıq ümummilli məsələdir, şərəf və ləyaqət məsələsidir. Nə qədər ki, torpaqlarımız işğal altında idi, bu torpaqların azadlığı Azərbaycan üçün şərəf məsələsi idi. Bu gün isə işğaldan azad edilmiş ərazilərimizin tam məskunlaşdırılması artıq ölkə üçün bir şərəf və ləyaqət hədəfinə çevrilib.

Ona görə də bu proses fasiləsiz şəkildə davam etdirilməlidir. İnsanların orada – azad edilmiş ərazilərdə lazımi qədər məskunlaşdırılması ölkənin həm də sosial-iqtisadi inkişafının unifikasiya prosesinin tamamlanması deməkdir. Yəni, ölkənin bütün bölgələrində əhalinin yaşayış səviyyəsinin və məskunlaşmasının bərabərləşdirilməsi indi qarşıda dayanan böyük vəzifədir ki, bu da işğaldan azad edilmiş ərazilərdə məskunlaşma prosesi ilə təmin olunmaqdadır”.

Əlaqəli Xəbərlər