“AzərEnerji” Naxçıvanda yenidənqurma işlərinə başlayıb


“AzərEnerji” ASC Naxçıvan Muxtar Respublikasında ötən əsrin 50-ci illərinin sonlarından istismarda olan hava elektrik verilişi xətlərini sökərək yenidən qurmağa başlayıb. SİA xəbər verir ki, ilkin mərhələdə 110 kilovoltluq “Culfa”, “Ordubad-1” və “Ordubad-2” hava elektrik verilişi xətləri ikidövrəli olmaqla, ümumilikdə 68 km məsafədə yenidən çəkilir.

Naxçıvan ötürücü şəbəkəsində istismar müddətini çoxdan keçən xətlərdə həyata keçirilən işlər nəticəsində enerjinin ötürülmə qabiliyyətini yüksəltməklə yanaşı, enerji təchizatında baş verə biləcək nasazlıqların, qəzaların qarşısı alınacaq, dayanıqlığı və etibarlığı artırılacaq.

Ölkə Prezidentinin “Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” 23 noyabr 2024-cü il tarixli fərmanının icrası olaraq, “Azərenerji” muxtar respublikanın enerji sisteminin elektrik enerjisi generasiya və ötürücü infrastrukturlarının idarəedilməsi üçün “Naxçıvan Enerji” MMC-ni təsis edil, həmçinin “Naxçıvan Muxtar Respublikasının Elektroenergetika Strategiyası” hazırlayıb. Strategiyada “2025-2027-ci illər üzrə Reabilitasiya və Yenidənqurma Tədbirləri” və “Strateji Baxış İstiqamətləri” müəyyən olunub.

Bu işlər çərçivəsində 110 kilovoltluq “Culfa”, “Ordubad-1” və “Ordubad-2” ötürmə xətlərinin yenidən çəkilməsi ilə yanaşı 154/110/10 kV-luq “Babək”, 110/35/10 kV-luq “Çeşməbasar” və 110/35/10 kV-luq “Naxçıvan” yarımstansiyaları müasir tələblərə uyğun olaraq tam şəkildə yenidən qurulacaq. Həmçinin, Naxçıvan Regional Rəqəmsal İdarəetmə və SCADA mərkəzi, eləcə də yardımçı texniki infrastrukturlar da yaradılacaq.

Əlaqəli Xəbərlər