“Bu təkcə jurnalistlərin deyil, həm də xalqın bayramıdır”


“Bu 150 ili Azərbaycan milli mətbuatının keçib gəldiyi yolu çox şərəfli bir yol hesab eləmək olar. Çünki bu yolun başlanğıcını çox müqəddəs Azərbaycançı mütəfəkkir Həsən bəy Zərdabi qoyub və “Əkinçi” qəzeti ilə bizim milli jurnalistika sistemimizin rəsmi əsasını yaradıb”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Respublikasının Əməkdar jurnalisti, tarix üzrə fəlsəfə doktoru, “Şərq” qəzetinin təsisçisi və baş redaktoru Akif Aşırlı deyib.

Onun sözlərinə görə, təkcə Azərbaycan milli mətbuatına ismət təsirləri olmayıb, eyni zamanda Rusiya türklərinin də həyatında rolu olub: “Cəmiyyətin kamilləşməsində, dirçəlişində, inkişafında, millətləşmə sürəcində həmişə Azərbaycan mətbuatı müsbət sənədlərlə çıxış edib. Azərbaycan Xalq Cümhuriyyəti məhz Azərbaycan mətbuatının publisistlərinin qələminin, fikir və düşüncələrinin bir məcmusu olaraq öncə ortaya çıxıb və sonradan dövlət səviyyəsinə daşınıb.

Azərbaycanın müstəqilliyinin ikinci dəfə bərpasından sonra da biz bu şərəfli yolu davam etdirmişik. Çoxsaylı qəzetlər nəşr olunub, müxtəlif ideologiyalara xidmət edən qəzetlər, müxtəlif istiqamətli mətbuat orqanları fəaliyyət göstərib və bu mətbuat orqanlarında yenə də cəmiyyəti, xalqı tərəqqiyə, birliyə, həmrəyliyə, inkişafa səsləyən yazılar yer alıb və bu yöndə də öz fəaliyyətini davam etdirib. Mən deyərdim ki, Azərbaycanda mətbuat artıq yeni bir keyfiyyət mərhələsi yaşayır. İnternet medianın, sosial media şəbəkələrinin önə çıxmasına baxmayaraq, ümumiyyətlə media strukturları bütövlükdə xalqın, millətin gələcəyini müəyyənləşdirən, yön verən və xalqı arxasınca aparmağı bacaran bir formatda ortadadır. Yəni, bundan sonra da Azərbaycan mətbuatının yeni inkişaf mərhələlərini görəcəyik və texnoloji proseslərin sürətinə uyğun şəkildə də Azərbaycan mətbuatı özünün yeni inkişaf konsepsiyalarını müəyyənləşdirəcək. Bayramdır. Bu təkcə jurnalistlərin deyil, həm də xalqın bayramıdır. Bayramımız mübarək olsun”.

Əlaqəli Xəbərlər