“Vətən müharibəsinə qədər Azərbaycan dövləti “Böyük Qayıdış” adlı çox ciddi və strateji bir proqram hazırlamışdı. Bu proqramda torpaqlarımızın işğaldan azad olunmasından sonra atılacaq addımlar, həyata keçiriləcək tədbirlər, bərpa və yenidənqurma işləri dəqiq şəkildə planlaşdırılmışdı. 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfərdən dərhal sonra həmin proqram əsasında praktiki tədbirlər həyata keçirilməyə başlandı”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, “Böyük Qayıdış” Azərbaycan dövlətinin, xüsusilə də cənab Prezident İlham Əliyevin uzaqgörənliyini, strateji planlama qabiliyyətini və milli məsuliyyətini bir daha nümayiş etdirdi: “Hazırlanmış plan sadəcə siyasi və texniki sənəd deyil, həm də xalqın illərlə gözlədiyi qayıdış arzusunun reallaşması üçün real yol xəritəsi idi. Həmin proqram çərçivəsində resursların düzgün hesablanması, mərhələli şəkildə infrastrukturun qurulması və təhlükəsizliyin təmin edilməsi nəzərdə tutulmuşdu. Nəticədə, qısa bir zaman ərzində ilk olaraq Zəngilanın Ağalı kəndinə, daha sonra isə digər yaşayış məntəqələrinə mərhələli şəkildə əhalinin qayıdışı başladı.
Görünən odur ki, əvvəlcə təhlükəsizlik məsələləri həll olunub, minalardan təmizləmə işləri aparılıb, daha sonra isə yollar, enerji xətləri, su və kommunikasiya infrastrukturu bərpa olunub. Bu proses paralel şəkildə aparılaraq, müasir standartlara cavab verən yaşayış evləri inşa edilib və qayıdan vətəndaşların məşğulluq məsələsi də dövlət tərəfindən həll olunub. Bir sözlə, vaxtilə işğal altında olan, viran qoyulan torpaqlarda bu gün həyat yenidən canlanır, insan nəfəsi, uşaq səsi, işıq və ümid qayıdır. Bu, cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan dövlətinin xalqı qarşısında gördüyü tarixi və möhtəşəm işlərdən biridir. Bu həm də Azərbaycan xalqının qətiyyətinin, milli birliyinin və zəfər iradəsinin rəmzidir. Bu hadisələr ölkəmizin müasir tarixində yeni, şərəfli bir səhifə kimi əbədi olaraq yadda qalacaq.
Bu gün artıq yüzlərlə vətəndaşımız öz doğma yurdlarına qayıdır. Biz o yerlərdə yenidən toyların çalındığını, körpələrin dünyaya gəldiyini, həyatın əvvəlki ritmini bərpa etdiyini və hətta digər bölgələrdə yaşayan soydaşlarımızın da həmin ərazilərə köçmək, orada yaşamaq arzusunda olduqlarını görəcəyik. Artıq Xocalı rayonunun daha iki kəndinə köçürülmə prosesi başlayıb. Əvvəlcədən hazırlanmış və təsdiqlənmiş siyahılar əsasında ailələr öz doğma torpaqlarına dönür, orada məskunlaşırlar. Bu proses sadəcə fiziki bir köç deyil, həm də mənəvi qayıdış, köklərə bağlanma, torpaqla ruhun birləşməsidir. Bu gün dünya ictimaiyyəti Azərbaycanın öz torpağına sahib çıxmasının, vətəndaşının rifahı üçün ardıcıl və məqsədyönlü siyasət yürütməsinin canlı şahididir. Yaradılan şərait bir daha göstərir ki, Azərbaycan dövləti təkcə azadlıq uğrunda deyil, həm də quruculuq və inkişaf yolunda da nə qədər güclü, məqsədli və xalqına bağlıdır. Ən önəmlisi isə odur ki, bütün bu işlər dövlətin tam maliyyə dəstəyi ilə həyata keçirilir – vətəndaş yalnızca evinə qayıdır, öz torpağında xoşbəxt və təhlükəsiz yaşamaq üçün hazır şəraitlə təmin olunur. Bu, sadəcə bir proqramın uğuru deyil – bu, milli birliyin, dövlət-xalq həmrəyliyinin, zəfərdən bərpaya, dağıntıdan inkişafa gedən yolun parlaq nümunəsidir”.