Dövlət maliyyəsinin çətin vəziyyətdə olmasına baxmayaraq, Fransa Prezidenti Emmanuel Makron Respublika Günündən əvvəl Silahlı Qüvvələrlə bağlı ənənəvi çıxışını edib. Onun çıxışı sərtləşən təhdidlər və artan beynəlxalq gərginlik qarşısında tələb olunan müdafiə səyləri ilə bağlı olub.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Fransa Prezidenti çıxışında 1945-ci ildən bəri Avropanın və azadlığın heç vaxt bu qədər təhdid altında olmadığını vurğulayıb. “Biz tarixi bir dönüş nöqtəsində yaşayırıq. Azadlıq heç vaxt bu qədər təhlükə altında olmayıb,” – deyə o bildirib. Onun sözlərinə görə, qaydaların yoxa çıxdığı bir dünyada güclünün qanunu hökm sürür və bu, Avropanın gələcəyi üçün ciddi risklər yaradır. Onun çağırışı aydın olub: Avropalılar artıq öz təhlükəsizliyini özləri təmin etməlidirlər. O, bu çağırışla Qərb dünyasının, xüsusilə Avropa İttifaqının müdafiə məsələlərində daha sərt, daha çevik və müstəqil davranmasının vacibliyinə diqqət çəkib.
Fransa Prezidenti birbaşa ad çəkmədən, dövlət kimi davranmaq istəyən internet texnologiya şirkətlərinə, xüsusilə də GAFAM-a (Google, Apple, Facebook, Amazon, Microsoft) eyham vurub. Bu tendensiyanın dövlət suverenliyinə təhdid olduğunu bildirib.
O, çıxışında Rusiyadan gələn hərbi təhlükəni, sürətlə inkişaf edən süni intellekti, texnoloji yarışları və Yaxın Şərqdəki münaqişələri (İsrail-İran, Hindistan-Pakistan) qeyd edərək dünyada geosiyasi gərginliyin artdığını, tarixin sürətlə dəyişməyə başladığını qeyd edərək deyib ki, artıq nə arxa cəbhə var, nə də ön cəbhə.
Onun fikrincə, azad olmaq üçün qorxulu görünmək, qorxulu görünmək üçün isə güclü olmaq lazımdır. Bu səbəbdən də millət daha güclü olmalıdır. Müdafiə yalnız büdcə göstəricisi deyil, həm də milli ruh və birlik məsələsidir.
Makron Fransa ordusunun daha hücumçu bir mövqe sərgiləyəcəyini və bu strategiyanın uzunmüddətli olacağını deyib. O, keçmiş hökumətlərin müdafiə xərclərini azaltmasını sərt tənqid edərək, 2017-ci ildən etibarən müdafiəni prioritetə çevirdiyini vurğulayıb. Ehtiyatların artırılmasını və ordu modelinin gücləndirilməsini əsas istiqamətlər kimi göstərib. O, müdafiə büdcəsinin 2030-cu ilə qədər deyil, artıq 2027-ci ilə qədər ikiqat artırılacağını elan edib. 2026-cı ildə əlavə 3,5 milyard avro, 2027-ci ildə isə 3 milyard avro müdafiəyə ayrılacağını deyərək, bu artımın dövlət borcu hesabına deyil, real və planlı maliyyə ilə təmin olunacağını bildirib.
“Fransalılar, 5 martda sizə dedim ki, vətənin sizə ehtiyacı var. İndi deyirəm: həmin an yetişib”, – deyə Makron xalqa müraciət edib.
O, Fransanın heç vaxt müharibə görməmiş nəsli olduğunu xatırladaraq, sülhün əvvəlki kimi təmin olunmadığından söz açıb. “Sülhün gətirdiyi rahatlıq artıq bitdi,” – deyə o, sərt şəkildə xəbərdarlıq edib.
Fransa Prezidenti müdafiə sənayesinin əməkdaşlıqla inkişaf etdirilməsinin suverenliyə zərər vermədiyini, əksinə, onu gücləndirdiyini bildirib. O, Avropa gücünün ən yaxşı qalxan olduğunu deyərək, nüvə silahının azadlığın qarantiyası olduğunu vurğulayıb. “Bu, təhlükəli və qeyri-müəyyən dünyamızda təhlükəsizliyimizin sarsılmaz dayağıdır”, – deyə o bildirib.
“Ordularımızı müdafiə edək, çünki onlar bizim azadlığımızı qoruyurlar”, – deyə o nitqini yekunlaşdırıb.